Azyaşlıların itkin düşməsi – QHT sədri valideyn və məktəblərə çağırış edir
Son dövrlərdə azyaşlı və yeniyetmələrin itkin düşməsi ilə bağlı xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurur.
Mütəxəssislər bu halların qarşısının alınması üçün valideynlər və təhsil müəssisələri üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayırlar. “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova bu məsələ ilə bağlı QHT.az-a açıqlamasında bildirib ki, bu hadisələr uşaqları və yeniyetmələri mümkün təhlükələrdən qorumağa yönəlmiş preventiv tədbirlərin nə qədər vacib olduğunu bir daha göstərir.
Valideynlərin rolu və məsuliyyəti
Kəmalə Aşumova qeyd edib ki, uşağın emosional və fiziki təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyət valideynlərin üzərinə düşür:
"Valideynin övladının həyatında fəal iştirakı, onun dost çevrəsini tanıması, gündəlik həyatına maraq göstərməsi və davranışındakı dəyişikliklərə diqqət yetirməsi təhlükəli vəziyyətlərin qarşısının alınmasında mühüm rol oynayır. Valideynlər övladlarına sirdaş olmalı, onları dinləməli və çətinliklərini bölüşməyə təşviq etməlidirlər."
Ailələrin övladlarını virtual mühitin riskləri, naməlum şəxslərlə əlaqələrin təhlükələri barədə maarifləndirməsi və təhlükəli vəziyyətlərdə “yox” demə bacarığını aşılamaq kimi vəzifələri olduğu da vurğulanıb.
Təhsil müəssisələrinin məsuliyyəti
Ekspert bildirir ki, məktəblər yalnız akademik bilik verməklə kifayətlənməməli, şagirdlərin emosional vəziyyəti, sosial mühiti və davranışları ilə də yaxından maraqlanmalıdır:
"Məktəb psixoloqları, sinif rəhbərləri və müəllimlər erkən mərhələdə problemli halları aşkarlaya və bu barədə aidiyyəti şəxsləri xəbərdar edə bilərlər. Sosial pedaqoqlar isə risk qrupuna daxil olan uşaqlarla və onların ailələri ilə sistemli şəkildə işləməlidirlər."
Əməkdaşlığın və profilaktik tədbirlərin əhəmiyyəti
QHT sədri hesab edir ki, bu kimi halların qarşısını almaq üçün valideynlər, məktəblər və dövlət qurumları arasında əməkdaşlıq gücləndirilməlidir. Erkən xəbərdarlıq sistemlərinin tətbiqi, şagirdlərin məktəb və dərsdənkənar vaxtlarda müşahidə olunması, həmçinin həm real, həm də virtual mühitdə təhlükəsizliklə bağlı maarifləndirici proqramların icrası vacibdir.
Uşaq Qaynar Xətti və digər dəstək xidmətləri
Kəmalə Aşumova əlavə edir ki, uşaqlar və yeniyetmələr təcili yardım və dəstək xidmətləri, xüsusilə 24/7 fəaliyyət göstərən Uşaq Qaynar Xətti barədə məlumatlı olmalıdırlar:
"Yalnız birgə səylər və sistemli profilaktika sayəsində uşaqların özlərini təhlükəsiz hiss etdikləri, çətin vəziyyətlərdə tək qalmayacaqlarını bildikləri bir mühit yaratmaq mümkündür."
Pərvanə Fərhadqızı
QHT.az