Masallıda aprel şəhidlərinin xatirəsi anılıb
Masallıda aprel şəhidlərinin xatirəsi anılıb
Masallıda 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Nurlan Əsgərli və Firdovsi Bağırzadənin xatirəsi anılıb.
Viləş kəndində şəhid Nurlan Bayram oğlu Əsgərlinin, Güllütəpə kəndində Firdovsi Əliş oğlu Bağırzadənin şəhadətinin doqquzuncu ildönümü mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid ailələrinin qayğıları ilə maraqlanan rayon rəhbəri hər zaman olduğu kimi bundan sonra da onların diqqətdə saxlanılacağını, yarana biləcək sosial problemlərinin aradan qaldırılması istiqamətində addımlar atılacağını vurğulayıb.
Şəhidin ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mərasim iştirakçıları Aprel şəhidlərinin və ərazidə dəfn olunmuş bütün şəhidlərin məzarlarını ziyarət edib, qəbirüstü abidələr önünə tər qərənfillər düzərək şəhidlərin xatirəsini ehtiramla anıb, dualar oxuyublar.
Akif AĞAYEV