"EU4Dialogue tədbirində iqlim dəyişikliyi və su məsələləri müzakirə olunub" - Vüsalə Hüseyinli / FOTOLAR
2025-ci ilin 11 mart tarixində Moldovanın paytaxtı Kişinyovda keçirilən EU4Dialogue tədbirinin bağlanış mərasimində İslahatçı Qadınlar və Innovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseyinli iştirak edib.
QHT.az-a açıqlama verən İctimai Birliyin sədri tədbirin əhəmiyyətini vurğulayaraq, müzakirə mövzularının enerji problemi, iqlim dəyişikliyi və su məsələləri olduğunu qeyd edib. O həmçinin bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin bir neçə nümayəndəsi də tədbirdə iştirak ediblər:
"EU4Dialogue proqramı Şərq Tərəfdaşlığı ölkələrinin Avropa Birliyinin Qonşuluq Siyasəti sazişinə uyğun olaraq həyata keçirilir. Əvvəllər qadın sülh və təhlükəsizliyi, enerji, iqlim dəyişikliyi, informasiya texnologiyaları və qərar qəbul etmə sahələrində tədbirlər keçirilib. Bu dəfəki tədbir isə iqlim dəyişikliyi mövzusuna həsr olunub. Şərq Tərəfdaşlığı ölkələrinin su ehtiyatları və iqlim dəyişikliyinin bu ölkələrə təsiri də müzakirə olunan mövzular arasında olub".
Qeyd edək ki, EU4Dialogue proqramı Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilib və təşkil edilib.
Pərvanə Fərhadqızı