Xəbərlər 14.02.2025 09:24 336

Muğam sənətinin görkəmli nümayəndəsi, əməkdar artis Süleyman Abdullayevin anım günüdür - VİDEO

Bu gün Azərbaycan muğam sənətinin zirvəsində yer tutan, gözəl səsi ilə milyonların qəlbini fəth edən görkəmli sənətkar, Azərbaycan Respublikasının Əməkdar artisti Süleyman Abdullayevin (Dədə Süleyman) Mövlud günüdür.

QHT.az xəbər verir ki, 14 fevral 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olan Dədə Süleyman öz möhtəşəm ifaları ilə Azərbaycan muğam sənətinə dəyərli töhfələr vermiş, xalqın qəlbində silinməz izlər buraxmışdır. Onun zəngin irsi bu gün də muğamsevərlər tərəfindən böyük ehtiramla xatırlanır. 1959-cu ildə böyük xanəndə Seyid Şuşinski onun istedadını yüksək qiymətləndirərək, peşəkar təhsil alması üçün Bakıya dəvət etmişdir. 1960-1964-cü illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alan sənətkar, muğamın incəliklərini mənimsəyərək bütün muğam dəstgahlarını tam şəkildə öyrənmişdir.

1964-cü ildən etibarən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmiş, xalq çalğı alətləri ansamblları ilə əməkdaşlıq etmişdir. 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olmuşdur. Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə idi. O, ifa etdiyi muğamlarda sözün düzgün tələffüzünə və qəzəlin mənasının dinləyiciyə çatdırılmasına xüsusi diqqət yetirirdi. Onun ifasında "Segah", "Dəşti", "Çahargah" və "Şur" muğam dəstgahlarının lent yazıları AzTV Fonduna daxil edilib. Xalq arasında "Dədə Süleyman" kimi tanınan sənətkar, 23 oktyabr 2022-ci ildə vəfat etmişdir.

Onun əziz və parlaq xatirəsini dərin hörmət və ehtiramla yad edir, Allahdan rəhmət diləyirik. Ruhu şad olsun!

Süleyman Abdullayevin ifasını dinləmək üçün:

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı