"QHT-lərin gələcək fəaliyyəti strategiyalı olmalıdır" – Eyyub Kərimli
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, QHT-lərin gələcək fəaliyyəti strategiyaya əsaslanmalıdır. O, təşkilatlarının əsas məqsədinin iqtisadi və sosial araşdırmalar olduğunu vurğulayıb.
Eyyub Kərimli 2025-ci ildə iqtisadi islahatların dərinləşməsi və davam edəcəyini qeyd edərək deyib:
"Biz daha çox iqtisadi təhlillər aparacaq, islahatların cəmiyyətin həyatında oynadığı rolu və sosial paketlərin əhalinin rifahını artırmaq imkanlarını araşdıracağıq. Bu istiqamətdə tədqiqatlar aparacaq və ictimai müzakirələrdə iştirak edəcəyik. Media ilə sıx əməkdaşlıq edərək öz fikirlərimizi və rəylərimizi çatdıracağıq."
Eyyub Kərimli təşkilatın peşəkar komandasını xüsusi vurğulayıb:
"İctimai Birlikdə elm adamları, tanınmış jurnalistlər, iqtisadçılar və media nümayəndələri toplanıb. Bu komanda ilə iqtisadi proseslərə dair rəy və təkliflərimizi həm dövlət qurumlarına, həm də ictimaiyyətə təqdim edəcəyik."
O, həmçinin vətəndaşların maarifləndirilməsi məqsədilə təlimlərin və maarifləndirmə işlərinin təşkilinin təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu əlavə edib.
Pərvanə Fərhadqızı