Faciə ilə bağlı matəm günündə başsağlığı
25 dekabr tarixində Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus J2-8243 nömrəli “Embraer 190” tipli, göyərtəsində 5 nəfər ekipaj üzvü, ümumilikdə 67 sərnişin olan təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Onlardan 39 nəfər dünyasını dəyişmiş, 28 nəfər isə məxtəlif dərəcəli xəsarət alıblar.
Dəhşətli faciə ilə bağlı bu gün Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin binasında “Xatirə kitabı” açılmışdır. “Beynəlxalq Əlillər Cəmiyyəti”, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri, Əməkdar jurnalist Zərnişan Azayeva, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İB-in İdarə Heyəti üzvü Məlahət Abdullayeva və ADPU-nun Baş müəllimi Səbinə Sadıqova bu gün səfirlikdə olmuş, başsağlığı vermiş, “Xatirə kitabı”na ürək sözlərini yazmışlar. Allah dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin, yaralılara şəfa versin.
Bu ağır faciədə ömürləri, arzuları yarımçıq qalmış günahsız insanların ölümünə səbəb olanlar aşkarlanmalı, qanun qarşısında layiqli cəzalarını almalıdırlar.
“Əlillər Dünyası” qəzetindən
26 dekabr 2024