Xəbərlər 05.12.2024 17:55 190

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin 3 saylı Analitik Bülleteni

2025-ci ilin Dövlət Büdcəsi layihəsi ilə bağlı Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırrmalar Mərkəzinin Rəyi

Milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin edilməsi baxımından  makroiqtisadi siyasətin fundamental komponentlərindən olan büdcə siyasətinin   parametrlərinin təhlili onu deməyə əsas verir ki, ölkəmizdə reallaşdırılan büdcə prosesi bölgə və dünya iqtisadiyyatında formalaşan reallıqlara qarşı  müvafiq adaptiv və reaktiv mexanizmlərin tətbiqinə bütövlükdə imkan verir.

Bu kontekstdə dünya iqtisadiyyatında  formalaşmaqda olan  çağırışlar ölkəmizin əsas makroiqtisadi göstəriciləində  və o cümlədən  büdcə  prosesində  də öz təsirlərini tapmalıdır. Ancaq eyni zamanda ölkədə həyata keçirilən büdcə siyasətinin milli iqtisadiyyatımız qarşısında dayanan əsas hədəflərə, o cümlədən, ölkə əhalisinin geniş kateqoriyalarının sosial rifahının yüksəldilməsinə  istiqamətlənməlidir. Bu baxımdan  2025 ci ilin Dövlət Büdcəsi layihəsi göstərilən hədəflərə nail olmağa, eyni zamanda xarici iqtisadi təsirlərə qarşı dayanıqlı mexanizmin qurulmasına müvafiq baza yaratmalıdır.

2025-ci ilin  Dövlət  Büdcəsi  layihəsində  daxilolmalar və xərclər seqmentləri üzrə cari il üçün qəbul edilmiş dövlət büdcəsi ilə müqayisədə mövcud olan artımlar büdcə imkanlarımızın artmasını göstərməklə yanaşı dünya   təcrübəsində  mütərəqqi  milli iqtisadiyyatlara  malik olan dövlətlərdəki trendlərlə uyğunluq təşkil edir. Belə ki, milli gəlirin daha çox hissəsinin büdcə mexanizmləri vasitəsilə təkrar bölgüsü  artıq  beynəlxalq səviyyədə  öz  effektivliyini və məqsədəuyğunluğunu  göstərmiş bir yanaşmadır.

Büdcə resurslarının artması  dünya  iqtisadiyyatında baş verən ciddi transformasiyalara, o cümlədən struktur böhranın dərinləşməsinə, nəqliyyat-logistik dəhlizlərin,  istehsal zəncirlərinin deformasiyalarına, dünyadakı yeni münaqişə  ocaqlarının yaratdığı iqtisadi  problemlərə  ölkə iqtisadiyyatının reaktivliyinin  göstəricisi  kimi  çıxış  etməlidir.

Büdcə layihəsinin kompleksli və sistemli təhlili bir sıra məqamlar üzərində  xüsusilə fokuslaşmağı  məqsədəuyğun edir. Layihəyə  əsasən,  2025-ci ilin Dövlət Büdcəsində büdcə kəsirinin 3 mlrd. manatdan bir qədər artıq olacağı nəzərdə tutulur.  Bu, aktual, elmi cəhətdən əsaslandırılmış  və  beynəlxalq miqyasda  öz  təsdiqini tapmış yanaşmalara  uyğundur. Belə ki, büdcə kəsirinin Ümumi Daxili Məhsula(ÜDM) nisbəti göstəricisi  baxımından  proqnozlaşdırılan  kəsir  göstəricisi təhlükəli parametrlərdən xeyli uzaqdır. Eyni zamanda milli iqtisadiyyatın müafiq investisiya impulsunun artırılması baxımından bu istiqamətdə artım dəhlizi mövcuddur.

Təqdim olunan sənəddə büdcə daxiolmaları üzrə ənənəvi  3 əsas istiqamət, yəni Dövlət Neft Fondundan transferlər, vergi və gömrük xəttləri üzrə  yığımlarla bağlı əks  olunan rəqəmlər o qənaətə gəlməyə imkan verir ki, ümumilikdə büdcə daxilolmaları ilə bağlı gözləntilər milli iqtisadiyatın strukturuna  bütövlükdə adekvatdır. Bununla belə, milli iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər sənədin  büdcənin  daxilolmalar seqmentində öz əksini tapmaqdadır. Eyni zamanda  fiskal ylğımlarla bağlı mövcud imkanlar onların optimallaşdırılması istiqamətində  bir sıra addımların mümkünlüyünü  göstərir.  Bu  addımlar  investisiya tutumunun genişləndirilməsinə,  milli  iqtisadiyyatın  real sektorunun inkişafına, idxaldan asılılığın azaldılması və ixracın şaxələndirilməsinə şərait yarada bilər. Burada əlavə investisiya resusrsları mənbəyi kimi  Dövlət Neft Fondundan Dövlət Büdcəsinə edilə biləcək əlavə transferlərinin mümkünlüyünü  nəzərdən keçirmək olar. Bu məsələnin aktuallığı dünya iqtisadiyyatında  müşahidə  olunan  struktur   problemlər  fonunda   bir  qədər də  artmaqdadır.

Təqdim olunan layihədə insan kapitalı  ilə bağlı xərclərin artması  effektiv büdcə  siyasətinin  təzahürüdür. Belə ki, sosial, elm, təhsil, səhiyyə  blokları  üzrə artımlar əhalinin  sosial  rifahının yüksəldilməsi məqsədinə xidmət etməklə yanaşı, ölkənin daxili bazarında alıcılıq qabiliyyətinin  qorunmasına, əmək bazarında kompetensiyaların artmasına, aktiv məşğulluq siyasətinin  həyata  keçirilməsinə  şərait  formalaşdırmalıdır.

Büdcə layihəsində iqtisadi fəaliyyət xərclərinin azaldılmasına gəldikdə respublikada daxili özəl investisiyalar institutunun inkişafı, monetar siyasətin yumşaldılması investisiya artımının əsas qeneratoru olmalıdır. O halda  göstərilən azalmalar makro müstəvidə artıqlaması ilə kompensasiya edilər.  Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin yerinə yetirilməsi üçün təqribən 4 mlrd. manat vəsaitin  nəzərdə tutulması həmin ərazilərin surətli  bərpasına, inkişafına və bütövlükdə makroiqtisadi gündəmə  müvafiq təkan vermiş olacaq.

Büdcə xərcləri ilə bağlı daha bir böyük önəm kəsb edən məsələ müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə gözlənilən artımlardır ki, onların  məqsədəuyğunluğu və  hətta   zəruriliyi,  xüsusilə  hazırkı  beynəlxalq durumu nəzərə aldıqda, şübhə doğurmur. Aparılmış kompleksli və  sistemli təhlillər onu bildirməyə əsas verir ki, təqdim olunan Dövlət Büdcəsi layihəsi milli iqtisadiyyatımızın dayanıqlı inkişafına xidmət edir və onun müvafiq parametrləri  bölgədə və dünyada  baş verən trendlərllə əsasən  uyğunluq  təşkil  edir.

 

Azərbaycan Texniki Universitetinin

 İnnovativ İqtisadi Araşdırmalar

 Mərkəzinin Rəhbəri, İ.e.d.,

 Professor  Elşad Məmmədov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı