Xəbərlər 29.11.2024 14:03 298

Elşad Məmmədov: "Yığım pensiyası modeli davamlılıq və ədalətlilik baxımından araşdırılmalıdır"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov QHT.az-a özəl açıqlamasında Azərbaycanda tətbiq olunan yığım pensiyası modelinin əsas prinsiplərindən və təsirlərindən danışıb. Onun sözlərinə görə, bu model əmək dövründə yığılan maliyyə resurslarının pensiya yaşında insanlara qaytarılması fəlsəfəsinə əsaslanır.

Professor qeyd edib ki, yığım pensiyası modeli çərçivəsində insanların əmək fəaliyyəti dövründə topladığı vəsait birbaşa onların pensiya təminatına təsir edir. Bu, işləyən şəxslərə müəyyən mənada motivasiya yaratsa da, sistemin effektivliyi ilə bağlı müəyyən suallar da mövcuddur.

Elşad Məmmədov, modelin inflyasiya kimi iqtisadi amillərdən təsirləndiyini vurğulayaraq bildirib:

"İnflyasiya, yığılan vəsaitlərin dəyərdən düşməsinə səbəb ola bilər. Bununla yanaşı, insanların pensiya yaşına çatmaq və yığım mexanizmlərinin ədalətliliyi məsələləri də müzakirəyə açıqdır."

Eyni zamanda, yığım sisteminin müsbət tərəflərindən danışan E.Məmmədov bildirib ki, insanların daha çox işləməsi və kapital toplaması onların pensiya məbləğinə təsir göstərir, bu da motivasiya yarada bilər. O, yığım pensiyası sisteminin davamlılığı və ədalətliliyinin daha geniş müzakirəyə ehtiyac duyduğunu vurğulayaraq, sistemin effektivliyini artırmaq üçün alternativlərin nəzərdən keçirilməsinin vacib olduğunu bildirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı