Adilə Nəzərova: “Kitab oxuma vərdişlərinin zəifləməsi cəmiyyətdə ciddi narahatlıq doğurur”
“Kitab Evi” İctimai Birliyinin sədri Adilə Nəzərova kitab oxuma vərdişlərinin zəifləməsinin əsas səbəblərindən biri kimi sosial şəbəkələrin təsirini göstərib. QHT.az-a açıqlamasında o, müasir texnologiyanın kitab oxuma mədəniyyətinə təsirlərini belə dəyərləndirib:
“İnternet platformalarının, xüsusilə “TikTok” kimi əyləncə məkanlarının təsiri ilə insanlar kitab oxumaqdan uzaqlaşır. Bu platformalar dövrün tələbidir, lakin çox vaxt lazımsız və zərərli məzmun təqdim edərək vaxt itkisinə səbəb olur. Eyni zamanda, bəzi nəşrlər də kitab oxumağa marağın azalmasında rol oynayır. Çünki bəzi kitablar nə maarifləndirir, nə də dəyər qazandırır. Kitabın cəmiyyəti doğru yola yönləndirmək kimi funksiyasını unudan müəlliflər və nəşriyyatlar məsuliyyətsizlik nümayiş etdirirlər. Təəssüf ki, bu sahədə dövlət nəzarətinin olmaması vəziyyəti daha da pisləşdirir”.
Adilə Nəzərova həmçinin “Kitab Evi” İctimai Birliyinin qarşısında duran hədəflərdən bəhs edib: “Hazırda böyük çətinliklərimiz olmasa da, audiokitabların hazırlanması, müəlliflərlə oxucular arasında körpü yaratmaq, bölgələrdə gəncləri kitaba cəlb etmək kimi layihələrimiz üçün əlavə dəstək və resurslara ehtiyacımız var. Gələcəkdə təşkilatımızı beynəlxalq səviyyədə tanınan bir qurum kimi görmək istəyirəm və bu istiqamətdə çalışıram”.
O qeyd edib ki, kitabın cəmiyyətin savadlanması və milli-mənəvi dəyərlərin qorunmasında rolu əvəzsizdir. “Kitab Evi” olaraq bu sahədə aktiv fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq”.
Pərvanə Fərhadqızı