QHT sədri: “İnvestisiya alətləri daha çox şaxələndirilməlidir”
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında investisiya strategiyalarının genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, investisiyaların ənənəvi olaraq qiymətli daşlar, metallar, valyuta və daşınmaz əmlak kimi sahələrə yatırılması formaları mövcud olsa da, rəqəmsallaşan dünyada bu yanaşmalar yenilənir. İctimai Birliyin sədri yeni investisiya alətlərinə, o cümlədən qiymətli kağızlar, səhmlər, kriptovalyutalar və startap layihələrinə marağın artırılmasının önəmini qeyd edib.
“İnsanların maliyyə savadlılığı artdıqca və fond birjalarında əməliyyat bilikləri genişləndikcə, yeni alətlərdən istifadə etmək daha sərfəli və gəlirli ola bilər. Bu yolla uzunmüddətli divident əldə etmək mümkündür. Qısamüddətli və yüksək likvidli investisiya vasitələri isə əsasən qiymətli metallar və valyutalarla əlaqədardır, lakin bu hallarda dividentlər daha aşağı olur,” - deyə QHT sədri əlavə edib.
Pərvanə Fərhadqızı
QHT.az