Azərbaycan-Pakistan münasibətləri əsrimizin çağırışıdır!
Ümummilli liderimiz Heydər Əliyevin Xarici siyasət sahəsində apardığı işləri Prezident İlham Əliyev uğurla davam etdirir. 1996-cı ildə Heydər Əliyevin Pakistana səfəri zamanı söylədiyi fikirlər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin təməlini təşkil edir: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır”.
Prezident İlham Əliyevin iyul ayının 11-də Pakistana dövlət səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə yeni məzmun verdi. İslamabadda Azərbaycan ilə Pakistan arasında vacib sahələri əhatə edən sənədlərin imzalanması xüsusilə böyük əhəmiyyət kəsb edir.
Pakistan yalnız hərbi, siyasi gücü ilə deyil, mənəvi ruhu, bədii düşüncəsi, dövlətçilik və islamçılıq fəlsəfəsi ilə də hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın Pakistan sevgisi Türkiyə bayraqları ilə yanaşı, Bakı küçələrində dalğalanan Pakistan bayraqlarında da özünü bir daha göstərdi.
Azərbaycanın Pakistana səmimi münasibətinin gerçək ünvanı Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük filosof Məhəmməd İqbalın bədii düşüncəsidir. Ölkəmizdə onun “Seçilmiş əsərləri”nin nəşr edilməsi bu mənəvi güclərin birləşməsinin gələcəyə ünvanlanmış maddi sübutudur. Bu hadisə Azərbaycan-Pakistan ədəbi əlaqələrində yeni bir səhifə açdı. Keçmişdən bu günə və gələcəyə uzanan şərəfli bir yol salındı. Məhəmməd İqbal şeirlərinin birində yazır:
Dünya nə hala gəlmiş, Şərq qovrulur ağrıdan!
Külü göyə sovrulan atəşə döndü hər yan,
Boğulmuş bir inilti qərq olub susqunluğa,
Oyan, dərin uyqudan, dərin uyqudan, oyan!
Torpaqlarımızın işğalı zamanı alov içində qovrulduq. Kəndlərimizi, şəhərlərimizi, insanlarımızı yandırdılar. Barbarlar xalqımıza qarşı genosid, urbisid, ekosid, kultursid törətdilər. Bir çox ölkələrdən susqunluq gördük. Qardaş Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi 44 günlük Vətən müharibəsində də yanımızda oldu.
Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri müdrikliyin zirvəsidir. Səfər zamanı imzalanmış sənədlərin içərisində “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı” və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət kəsb edir.
Ədəbiyyat və mədəniyyət sahələrində əlaqələrin güclənməsi intibahdır. Pakistanla Azərbaycan ortaq dəyərləri qoruyan xalqlardır. Qərb dünyası görür ki, biz sivilizasiyaların toqquşmasına qarşıyıq. Biz sivilizasiyaların dialoqunun tərəfdarıyıq. Bu möhtəşəm dialoqu isə bəşəriyyətin gələciyini düşünən böyük liderlər yaradır.
Etibar Əliyev
Deputat