Bərdədə məişət zorakılığı ilə mübarizə ilə bağlı növbəti tədbir keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində 10 iyul 2024-cü il tarixində Bərdə rayon Qadın Resurs Mərkəzində növbəti tədbirini keçirib.
Tədbirdə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri, layihə rəhbəri Ziba Quliyeva, ekspert Şərqiyyə Dadaşova və icma üzvləri iştirak edib.
Layihə rəhbəri Z.Quliyeva layihənin məqsədi və donor təşkilat haqqında ətraflı məlumat verib. Layihənin eksperti Ş.Dadaşova məişət zorakılığı və onun növləri, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu barədə geniş təqdimat edib. Məişət zorakılığının qarşısının alınması haqqında qanun qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Tədbirdə Lətifə Abbasova, Brilyant Məmmədova, Pərvin Əliyeva və digər iştirakçılar mövzu ətrafında çıxış edərək məişət zorakılığının qarşısının alınması ilə bağlı təkliflərini bildiriblər. Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. İştirakçılardan M. Qənbərova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İnkişaf Təşəbbüsləri İB-nə təşəkkür edib. Yekunda qiymətləndirmə aparılıb.
Layihə rəhbəri Z. Quliyeva tədbirin uğurlu keçməsində dəstəyinə görə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımova minnətdarlığını bildirib.