Xəbərlər 21.06.2024 11:03 3300

Gəncə-Qazax regionunda iqlim dəyişikliyinə qarşı tədbirlər görülür

“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən  icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü çərçivəsində həyata keçirilən fəaliyyətlər başa çatdı. BMT-nin İnkişaf Proqramı tərəfindən  həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində icra edilən bu təşəbbüs ekoloji və sosial dəyərlərin yaradılmasına öz töhfəsini verdi.

QHT.az xəbər verir ki, təşəbbüs çərçivəsində Gəncə qadın sığınacağında və Sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiya mərkəzində hər birinin gücü 1,1 KVt olan Günəş enerjisi sistemləri quraşdırılıb. Nəticədə hər iki sosial təyinatlı obyektin işıqlandırılması tam olaraq bərpa olunan günəş enerjisi hesabına həyata keçirilir. Gəncə qadın sığınacağının və Sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiya mərkəzinin “yaşıl” enerji hesabına fasiləsiz işıqlandırılması nəicəsində 1 il ərzində 1740 kwt elektrik enerjisinə və 174 manat maliyyə vəsaitinə qənaət edilir, həmçinin atmosferə atılan karbon dioksid emissiyası 870 kq azalmış olur.

Ekoloji və sosial dəyər yaradan bu təşəbbüs qadın sığınacağında məskunlaşan qadınların həyat şəraitinin yaxşılaşdırılmasına və reabilitasiya mərkəzinin xidmətlərindən istifadə edən sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiya prosesinin daha səmərəli aparılmasına öz müsbət təsirini göstərir. Bu təşəbbüs çərçivəsində yaradılan “yaşıl” enerjidən istifadə imkanları nəticəsində 1 il ərzində təqribən 430 nəfər sosial cəhətdən daha həsas qadınlar və uşaqlar bəhrələnəcəkdir. Bərpa olunan enerjidən istifadənin təşviqi və iqlim dəyişikliyi məsələlərinə geniş ictimaiyyətin diqqətinin artırılması məqsədilə təşəbbüs çərçivəsində 1000 ədəd məlumatlandırıcı bukletlər hazırlanmış geniş ictimaiyyət nümayəndələrinə paylanılmışdır.

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin təşəbbüsü ilə icra edilən bu fəaliyyət Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olmasına, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və 2024-cü ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının-COP29-un Tərəflər Konfransının iqlim dəyişikliyi ilə mübarizə məqsədinə uyğundur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı