“Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsinin açılış seminarı keçirilib - FOTOLAR
20 iyun 2024-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsinin Beyləqan şəhərində açılış seminarını keçirib.
QHT.az xəbər verir ki, bu barədə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin sədri və layihə rəhbəri Xəlil Süleymanov məlumat verib. Onun sözlərinə görə, seminarda Müharibə veteranları, psixoloqlar da iştirak edirdi: "Layihənin əsas məqsədi müharibənin törətdiyi fəsadlar nəticəsində psixoloji travma almış şəhid və veteran ailələrinə psixoloji-sosial dəstək verməkdən ibarətdir. Layihə Füzuli, Xocavənd, Laçın obaları, Bərdə və Ağdam rayonlarını əhatə edəcəkdir. Müharibə dəhşətlərini yaşayan, ailə üzvlərini, yaxınlarını, doğmalarını itirən, fiziki-mənəvi və psixoloji xəsarət alan insanlar hələ də psixoloji sarsıntının təsirini yaşayırlar. Psixoloji gərginlik onların sağlamlıq vəziyyətinə ciddi təsir göstərməklə bərabər sosial durumuna da öz mənfi təsirini etməkdə davam edir. Layihə hədəf rayonlarında psixoloji-sosial dəstəyə ehtiyacı olan Şəhid və veteran ailə üzvləri ilə psixoloqların təmaslarını genişləndirməklə psixoloji xidmətlər həyata keçiriləcəkdir. Psixoloji xidmət 40 ailədə həyata keçiriləcəkdir. Layihə 3 ay davam edəcəkdir".