Xəbərlər 01.05.2024 17:56 1465

“Hər bir dövlətin əsas missiyası, məramı vətəndaşlarının hüquqlarının qorunması və onların rifahının artırılmasından asılıdır” - Elşad Məmmədov

1 may günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Hazırda 1 may dünyanın 67 ölkəsində işçi bayramı günü kimi qeyd edilir. 

Bəs işçilərin hüquqlarının gücləndirilməsi iqtisadi artıma necə təsir edir?

QHT.az bu sualı Azərbaycan Texniki Universitetin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Məmmədova verib. Professor açıqlamasında bildirib ki, Beynəlxalq Əmək Günü kütləvi şəkildə qlobal miqyasda qeyd olunmalıdır: “May ayının 1-i dünyada iqtisadi tərəqqinin, sosial rifahın yüksəldilməsində çox böyük rolu olmuşdur və bu bir may tarixinin unudulması cəhdləri, zənnimcə, dünya miqyasında əmək resurslarına, əmək qüvvəsinə qarşı bir addım kimi dəyərləndirilməlidir. Çünki son nəticədə bu, dünya miqyasında əsas dəyəri iqtisadiyyatda yaradan əmək qüvvəsinin hüquqlarının günü kimi qeyd edilibdir”.

Elşad Məmmədov həmçinin qeyd edib ki, əmək hüquqlarının qorunması isə qlobal miqyasda zəruri bir məsələdir, beynəlxalq səviyyədə əmək qüvvələrinin həmrəylik günü qeyd olunmalıdır: “Hesab edirəm ki, bununla bağlı müvafiq bir yanaşmanın beynəlxalq miqyasında olmasına ehtiyac var. Elə ölkəmizi də götürsək, əmək qüvvələrinin son illər ərzində hüquqlarının qorunması ilə bağlı ölkədə əmək haqqı fondunun, pensiyaların, əməkhaqlarının, müavinətlərin həcminin artırılması ilə bağlı əldə olunan müsbət nəticələrdən görürük ki, bu iqtisadiyyata nə qədər müsbət təsirlər göstərir. Son nəticədə hər bir dövlətin əsas missiyası, məramı vətəndaşlarının əmək və bütövlükdə hüquqlarının qorunmasından və onların rifahının artırılmasından asılıdır”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı