Xəbərlər 02.04.2024 16:11 2209

Sosial müdafiə sistemi yeni mərhələdə

Ölkəmizdə sosial müdafiə sahəsində aparılan məqsədyönlü islahatlar, həyata keçirilən sosial proqramlar, icra edilən layihələr uğurla davam etdirilir. İstər işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı Qarabağda sakinlər üçün icra olunan məşğulluq proqramları, istərsə də ayrı ayrı-ayrı bölgələrdə əhalinin məşğuliyyəti, şəhid ailələrinin və qazilərin qayğıları diqqətdə saxlanır. 

 

Azərbaycan sosial sahədə həm də beynəlxalq əmək­daşlığa önəm verir. Əmək və Əhalinin Sosial Müdafiə­si Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən XQ-yə verilən məlumata görə, qurumda BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə keçirilən görüş də məhz sosial müdafiə sisteminin inkişafı üçün görülən tədbirlərə həsr olunub. 

 

Mərasimdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qurumla BMT İnkişaf Proqramı arasında uğurlu əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb. Ölkə­mizdə aparılan sosial islahatlar, DOST Konsepsiyası barədə məlumat verilib. Bu islahatların uğurlarının bey­nəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü bildirilib. Sosial müdafiə sis­teminin gücləndirilməsi üçün görülən işlər və əldə olu­nan nailiyyətlər vurğulanıb.

 

BMT İnkişaf Proqramı ilə ötən dövrdə icra olunan “Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi”, “Əhalinin so­sial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “İşçi Qüvvəsinin Bərpası Təşəb­büsü” və s. kimi birgə layihələrin əlilliyi olan şəxslər və digər həssas qrupların sosial dəstəklə əhatə olunması, onların məşğulluğunun və özünüməşğulluğunun dəstək­lənməsində əhəmiyyəti qeyd olunub.

A.Rokkasalvo həssas qrupların sosial müdafiəsi, on­ların əmək bazarına, habelə kiçik biznesə çıxış imkan­larının artırılması işlərində birgə fəaliyyət təcrübəsindən məmnunluğunu ifadə edib. Mərasimdə qeyd edilən la­yihələrin nəticələrinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Ölkəmizdə sosial sahədə əldə olunan rəqəmsal nai­liyyətlərə beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Bunun növbəti təzahürü kimi, Əmək və Əhalinin Sosi­al Müdafiəsi Nazirliyi Sinqapurun “GovInsider” təşkilatı tərəfindən “İnnovasiyalar Konfransı–2024” tədbiri çərçi­vəsində keçirilən “İnnovasiya Mükafatları–2024” müsa­biqəsində uğur qazanaraq “Rəqəmsal Cəmiyyət Müka­fatı” kateqoriyası üzrə xüsusi mükafatla təltif olunub.

 

Qeyd etməliyik ki, qurum münsiflər heyəti tərəfin­dən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin geniş tətbiqinə görə bu mükafata layiq görülüb.

“GovInsider” təşkilatı dövlət sektorunda innova­siyaları təşviq etmək üçün fəaliyyət göstərən geniş platformadır. Təşkilatın keçirdiyi “İnnovasiyalar Konf­ransı-2024”-də 27 ölkədən dövlət sektorunda çalışan 1600-dan çox mütəxəssis iştirak edib. Tədbirdə məqsəd dövlət sektorunda transformasiyaları bir platformadan təqdim etməklə bu sahədə qabaqcıl təcrübələrin bey­nəlxalq səviyyədə tanıdılması və onların geniş tətbiqinin təşviq edilməsi olub.

 

Konfransda iştirakçılar üçün maraqlı müzakirələr, təqdimatlar və ictimai sektorun transformasiyası sahə­sində əsas problemlər və imkanlardan bəhs olunan in­teraktiv sessiyalar təşkil edilib. Qeyd edək ki, nazirliyin vətəndaşlara təqdim etdiyi 159 xidmətin 140-dan və ya 90 faizindən çoxu elektronlaşdırılıb, e-sistem üzərindən 50-dən çox proaktiv xidmət yaradılıb. 

Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələri və ixtisaslaşmış sosial xidmət mərkəzləri fəaliyyət göstərir. Məqsəd reabilitasiyaya, so­sial dəstəyə ehtiyacı olanların qayğılarını həll etməkdir. Həmin müəssisələr və mərkəzlər vasitəsilə yanvar–fev­ral aylarında 500-dən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib. 

 

Onlardan 356 uşaq agentliyin müəssisələrində stasi­onar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin edilib. Əlilliyi olan 149 uşaq isə qurumun ixtisaslaşmış sosial xidmət mərkəzlərində yarımstasionar sosial xid­mətlərə cəlb edilib. Son iki ayda həmçinin qurumun sosi­al sifarişləri əsasında 2 min 600 nəfər əlilliyi olan uşağın asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər də təşkil olunub. 

Onu da qeyd edək ki, ehtiyacı olanların reabilitasiya vasitələri ilə evlərdə təminatı davam edir. Bu ilin 2 ayın­da nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən 369 nəfər əlilliyi olan şəxsi evlərində (səy­yar) reabilitasiya xidmətləri ilə təmin edib.

 

Əlillərə 900-dən çox reabilitasiya xidməti göstərilib. Qeyd edək ki, səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) nazir­liyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına mü­raciət etməlidir. Bundan sonra müraciətə əsasən agent­liyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloq­larından ibarət səyyar briqadası əlilin yaşadığı ünvana gedərək, onun ilkin müayinə və qiymətləndirməsini apa­rır. Daha sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq bu plan əsasında ona müəyyən olunmuş müd­dət ərzində həkim və psixoloq müayinəsi, loqoped se­ansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya xidmətləri göstərilir. 

Onu da qeyd edək ki, hazırda ölkəmizdə 1800-ə yaxın daun sindromlu əlilliyi olan şəxs də var. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində daun sindromlu əlillər də reabilitasiya xidmətləri ilə təmin edilirlər. Bu xidmətlərə sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. daxildir. 

 

Mərkəzlərdə daun sindromlu əlillər stasionar və am­bulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərlə təmin olu­nurlar. Daun sindromlu əlillər agentlik tərəfindən həftədə bir dəfə ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilir. Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu daun sindromlu əlilliyi olan şəxslərlə yanaşı, eyni zamanda autizm spektr pozuntusu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fiziote­rapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Son olaraq bir xəbəri də çatdırmaq yerinə düşər ki, aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi DOST TV – internet televizi­yası fəaliyyətə başlayacaq. Nazirliyin internet resursu olan DOST TV yayım konsepsiyasında əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq. 

 

DOST TV izləyicilərinə sosial yenilikləri, islahatlar, yeni layihələr, qanunvericilik və sosial hüquqlar, dövlət sosial xidmətləri barədə dolğun məlumatları çatdıra­caq. Yeni TV izləyiciləri ilə birbaşa təmasda, canlı ya­yım rejimində çalışacaq. Profilinə uyğun informativ xa­rakterli verilişləri yayımlamaqla yanaşı, sosial şəbəkə istifadəçilərinin sosial məsələlərlə bağlı sualları da na­zirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq. Digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda fəaliyyət göstərəcək DOST TV həmin qurumların, QHT nümayəndələrinin, ekspertlə­rin iştirakı ilə sosial mövzularda təhlil və diskussiyalara, müzakirələrə də daim açıq olacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı