Xəbərlər 09.02.2024 10:12 14601

Prezidentə təbriklər davam edir

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

 

QHT. az Axar.az-a istinadən təbrikin mətnini təqdim edir:

 

Hörmətli İlham Heydər oğlu.

 

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

 

Bu münasibətlə ən xoş arzularımı qəbul edin.

 

Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.

 

Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.

 

Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik.

 

Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və təşəbbüslərinizin reallaşdırılmasında yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.

 

***

 

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

 

N.Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Paylaşımda deyilir: “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.

 

***

Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Qazaxıstanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb. Kasım-Jomart Tokayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

***

 

Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Qırğızıstan Prezidenti İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sadır Japarov dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının önəmini bir daha qeyd edərək, ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini və beynəlxalq mövqelərinin daha da gücləndiyini vurğulayıb.

 

Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu ehtiramla qeyd edib.

 

Sadır Japarov Prezident İlham Əliyevə Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb.

 

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

 

Telefon söhbəti zamanı Azərbaycan və Qırğızıstan prezidentləri ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqərimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

***

 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İlham Əliyevi Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

 

S.Berdiməhəmmədov qələbəni İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursuna yüksək səviyyədə etimadın və dəstəyin göstəricisi olduğunu qeyd edib:

"Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Səsvermənin nəticələri Azərbaycan xalqının Sizin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursunuza yüksək səviyyədə etimadının və dəstəyinin göstəricisidir. Əminəm ki, bu mühüm hadisə Azərbaycan Respublikasının gələcəkdə də inkişafına və onun vətəndaşlarının rifahının yüksəldilməsinə kömək edəcəkdir.

 

Türkmənistan ilə Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinin səmərəli xarakterini qeyd etmək sevindiricidir. Əminik ki, bu münasibətlər gələcəkdə də inkişaf edəcək və iki ölkənin xalqlarının rifahı naminə dərinləşəcəkdir. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə şəxsi diqqətinizə və böyük dəstəyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

 

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

 

***

 

Fevralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Ərsin Tatar prezident seçkilərində inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

 

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

 

Telefon söhbəti zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəminə toxunularaq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik bildirilib.

 

***

 

Fevralın 8-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bayram Beqay dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları Azərbaycan-Albaniya ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

 

***

 

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

 

Bu məsul vəzifənin həyata keçirilməsində Sizə uğurlar arzulayıram. İnanıram ki, Siz dövlətinizin ümumi inkişafı və vətəndaşlarınızın firavanlığı naminə fədakarlıqla işləməyə davam edəcəksiniz.

 

Son 30 il ərzində Xorvatiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməkdədir. Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə biz ümumi münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bizim iqtisadi əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır və bunun daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, Azərbaycan və Xorvatiya şirkətləri arasında sıx əməkdaşlığı daha da təşviq etmək, eləcə də qarşılıqlı sərmayələrə marağı artırmaq üçün səylərimizi əsirgəməyəcəyik.

 

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 

***

 

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

 

Kuba Prezidenti X sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.

 

Paylaşımda deyilir:

 

“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram. Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”.

***

 

Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

 

Edi Rama X sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

 

Paylaşımda deyilir: “Əziz dostum İlham Əliyevə dost Azərbaycanın şəksiz lideri olmasının bir daha təsdiqlənməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Çalışqan xalqı olan Azərbaycan sevimli ölkədir və onun rəhbərliyi ilə daha da irəliləyəcək. Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”.

 

***

 

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

 

Seçkilərdə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.

 

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram.

 

Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.

 

TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı