2016-cı ilin aprelində cəbhə xəttində baş verən şiddətli döyüşlər regionda hərbi-siyasi vəziyyəti yenidən gündəmin əsas mövzusuna çevirdi. Dörd gün davam edən qarşıdurmalar zamanı tərəflər ağır itkilər versə də, strateji yüksəkliklər uğrunda mübarizə xəbərlərin əsas xəttini təşkil etdi.
Əməkdar jurnalist Mətanət Ağamirli QHT.az-a olan açıqlamasında bildirib ki, Aprel döyüşləri regionda on illərlə davam edən dondurulmuş münaqişənin yenidən hərəkətə keçməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, bu döyüşlər mövcud status-kvonu sarsıdaraq həm hərbi, həm də siyasi baxımdan yeni reallıqlar formalaşdırıb.
M.Ağamirlinin sözlərinə görə, Azərbaycan həmin döyüşlər zamanı yalnız siyasi mövqeyini gücləndirməklə kifayətlənməyib, eyni zamanda bəzi strateji yüksəkliklərin və mövqelərin geri qaytarılması ilə ordunun gücünü və imkanlarını nümayiş etdirib. O qeyd edib ki, bu uğurlar ölkənin hərbi potensialının yüksək səviyyədə olduğunu bir daha sübut edib.
Əməkdar jurnalist vurğulayıb ki, Aprel döyüşləri beynəlxalq yanaşmalara da ciddi təsir göstərib. Onun fikrincə, uzun illər yalnız danışıqlar aparmaqla kifayətlənən ATƏT Minsk qrupu məhz bu hadisələrdən sonra daha konkret mövqe və qərarlar ortaya qoymağa məcbur olub.
Mətanət Ağamirli bildirib ki, “Aprel döyüşləri demək olar ki, II Qarabağ müharibəsinə zəmin yaradaraq hərbi və psixoloji hazırlıq rolunu oynadı".
O əlavə edib ki, bu hadisələrin mənəvi təsiri xüsusilə 2020-ci ildə özünü daha aydın göstərib. M.Ağamirlinin sözlərinə görə, vətənpərvər ruhda formalaşmış gənclər və hərbçilər torpaqların azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını sübut ediblər.
Əməkdar jurnalist sonda qeyd edib ki, “Nəticə etibarilə cəmiyyətin özünəinamı artdı, milli birlik daha da gücləndi və region Azərbaycanın qüdrətli orduya sahib olduğuna şahidlik etdi".
Fatimə Nəbiyeva






