"Aprel döyüşləri zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı nümayiş etdirərək qısa müddətdə mühüm taktiki üstünlük əldə edərək təxminən 2000 hektara yaxın ərazini azad edib. Lələtəpə, Talış istiqaməti və digər yüksəkliklərin nəzarətə götürülməsi həm əməliyyat üstünlüyü yaradıb, həm də ordunun real döyüş qabiliyyətini təsdiqləyib. Bu proses 2020-ci il Vətən müharibəsi üçün praktiki və uğurlu “sınaq modeli” rolunu oynayıb."
QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisinin deputatı Rizvan Nəbiyev “Şəhid Analarına Dəstək” İctimai Birliyi tərəfindən Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş tədbirdə çıxış qeyd edib.
Rizvan Nəbiyev bildirib ki, uzun illər “dondurulmuş münaqişə” kimi təqdim edilən vəziyyət dəyişib, qeyri-legitim “status-kvo” sarsılıb. Eyni zamanda ölkə daxilində milli birlik daha da güclənib. Prezident İlham Əliyevin ətrafında sıx birləşmə, Xalq–Ordu–Ali Baş Komandan vəhdətinin qələbənin əsas mənbəyi olmasını və qələbəyə inamı möhkəmləndirib.
Millət vəkili qeyd edib ki, Aprel döyüşləri beynəlxalq səviyyədə mühüm mesaj verib: münaqişənin hərbi yolla həlli realdır. Bu, illərlə nəticə verməyən danışıqlara alternativ həll yolu ortaya qoyub və Azərbaycanın mövqeyini gücləndirib. Nəticədə, torpaqlarımızın işğaldan azad edilməsində “güc amili” beynəlxalq müzakirələrdə legitim faktor kimi qəbul olunmağa başlayıb.
"Cəmiyyətdə ciddi psixoloji dönüş yaranıb, gənclərin səfərbərlik ruhu daha da artıb və orduya maraq yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbənin mümkünlüyünə inam tam formalaşıb."
Rizvan Nəbiyev bildirib ki, Aprel döyüşləri sonrakı hərbi-siyasi proseslərin başlanğıcı olub. Bu xətt ardıcıl şəkildə davam etdirilərək növbəti uğurlara zəmin yaradıb və 2020-ci ildəki böyük Zəfərə aparan yolun ilkin mərhələsinə çevrilib. Aprel döyüşləri yalnız lokal hərbi uğur deyil, həm də hərbi, siyasi, diplomatik və psixoloji faktorların birləşdiyi dönüş nöqtəsi olub.
Zəhra Ağayeva






