Dini dəyərlərin müdafiəsi pərdəsi altında Azərbaycanın dünyəvi dövlət modelini və təhsil sistemini hədəfə alıblar.
QHT.az report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli "Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi" mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, məqsəd Azərbaycanı seçdiyi müstəqil inkişaf yolundan döndərməkdir:
"Ən vacib məqamlardan biri isə Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin hədəf alınmasıdır. Azərbaycan məhz bu milli həmrəyliyin nəticəsində Qarabağ müharibəsində tarixi zəfər qazanıb. Azərbaycanın güclənməsi, müstəqil siyasət yürütməsi və müstəqil inkişaf yolunu seçməsi ölkəmizə qarşı çıxan qüvvələri xüsusilə narahat edir".
Z.İbrahimli həmçinin Azərbaycan qeyri-hökumət təşkilatlarının bu cür təxribatları, hibrid təhdidləri və dezinformasiya hücumlarını pisləyən bəyanat yaydığını xatırladıb:
"Biz İranın və bir sıra xarici qüvvələrin ölkəmizə qarşı bu cür addımlarını qətiyyətlə pisləyirik. Azərbaycan İslam dünyasında dünyəvi dövlətçilik modelini dini inanclarla üzvi şəkildə uzlaşdıran nadir dövlətlərdən biridir. Biz vətəndaş cəmiyyəti olaraq bu dövlətçilik modelini qoruyur, onu hər cür hücumdan müdafiə etməyə hazır olduğumuzu bildiririk. Eyni zamanda bəyan edirik ki, bu hücumlar heç vaxt məqsədinə çatmayacaq".
O, sonda cəmiyyəti ayıq-sayıq olmağa çağırıb:
"Azərbaycan dövləti və Azərbaycan xalqı dünyəvi dövlətçilik modeli uğrunda uzun əsrlərdir mübarizə aparır. XIX əsrin sonu – XX əsrin əvvəllərində, xüsusilə milli maarifçilik və müstəqillik uğrunda mübarizə dövründə bu istiqamətdə mühüm addımlar atılıb".












