“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Quba rayonunda əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş “Şəhidlər Muzeyi”nin açılışı münasibətilə paylaşım edib.
QHT.az həmin paylaşımı təqdim edir:
"Quba rayonunda əsaslı təmirdən sonra yenidən istifadəyə verilən “Şəhidlər Muzeyi”nin açılışı və muzeyə baxışın keçirilməsi ölkəmizin qəhrəman şəhidlərinin əziz xatirəsinin yaşadılması istiqamətində atılmış mühüm addımlardan biridir.
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, şəhidlərimizin həyat və döyüş yolunu əks etdirən bu müqəddəs məkanın yenilənərək xalqımızın istifadəsinə verilməsini yüksək qiymətləndiririk. Muzeyin fəaliyyəti gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, tarixi yaddaşın qorunmasına və qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə böyük töhfə verəcəkdir.
Bu əlamətdar işin həyata keçirilməsində göstərdiyi zəhmətə və şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşdığına görə Quba rayon Şəhidlər Muzeyinin direktoru Mehriban Aliyeva xanıma səmimi təşəkkürümüzü bildiririk.
Eyni zamanda, muzeyin yenidən qurulmasına və bu təşəbbüsün həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ильгар Махмудов müəllimə dərin minnətdarlığımızı ifadə edirik.
Həmçinin, şəhid ailələrinin yanında olan, milli-mənəvi dəyərlərimizin və qəhrəmanlıq tariximizin təbliğinə verdiyi töhfələrə görə Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə müəlimə təşəkkürümüzü çatdırırıq.
Əminik ki, bu cür layihələr şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasına, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!"






