İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə  Crossmedia.az-ya  bildirib ki, ötən ilin dekabr ayında cənab Prezident tərəfindən QHT-lərin müxtəlif dövlət qurumları tərəfindən maliyyələşdirilməsinin vahid pəncərə sistemi ilə həyata keçirilməsi ilə bağlı fərman imzalanmışdı:

“Həmin fərmandan irəli gələn müddəalara əsasən Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar hazırlanmalı idi. Bu ayın 22-də Nazirlər Kabineti tərəfindən belə bir qərar qəbul edildi və qaydalar təsdiqləndi. Ümumilikdə hesab edirəm ki, bu proses zamanın tələbi idi.

 

Çünki zaman-zaman Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı addımlar atılırdı və bunu növbəti mühüm addımlardan biri hesab edirəm. QHT-lərin fəaliyyətinin ümumi konturlarını görmək üçün vahid bazaya ehtiyac var idi. Xüsusilə də maliyyələşmə sisteminin vahid formatda həyata keçirilməsinə ehtiyac duyulurdu. Bu ehtiyac ondan irəli gəlirdi ki, həm QHT-lər, həm də dövlət qurumları üçün koordinasiya və vahid istiqamət müəyyənləşdirilməli idi. Artıq belə bir istiqamət müəyyən olunub”.

 

C.Hüseynzadə əlavə edib ki, yeni qaydalara əsasən QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu vahid pəncərə sistemini həyata keçirən operator olacaq: “Ümumilikdə qərarın çoxsaylı müsbət tərəfləri var. Qeyd etdiyim kimi, bu zamanın tələbi idi. Ölkədə ümumilikdə xidmətlərin daha şəffaf və elektron formada təşkili prosesi gedir və hesab edirəm ki, bu, vətəndaş cəmiyyəti üçün də vacib bir məqam idi. Yeni qaydalara əsasən bir sıra yeniliklər nəzərdə tutulur. Bunlardan biri ondan ibarətdir ki, artıq qeyri-hökumət təşkilatlarının aldığı kiçik qrantların məbləği 15 min manatdan 30 min manata qədər artırılıb.

 

Eyni zamanda böyük qrantlarla bağlı hər hansı məbləğ limiti müəyyən edilməyib. Bu da, yəqin ki, gələcəkdə donorlar tərəfindən daha böyük vəsaitlərin QHT-lər üçün ayrılmasının nəzərə alınması ilə bağlıdır. Bu, vacib və sevindirici məqamdır. Digər sevindirici məqam ondan ibarətdir ki, ümumiyyətlə, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı illik hesabatların təqdim olunması nəzərdə tutulur”.

C.Hüseynzadə başqa vacib məqamlardan birinin isə müsabiqələrin keçirilməsi ilə bağlı konkret vaxt və zaman çərçivələrinin müəyyən edilməsi olduğunu vurğulayıb: “Söhbət QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təqdim olunan layihələrdən, daha sonra elanların hansı müddətlərdə yerləşdirilməsindən gedir.

 

Bu da müsbət haldır. Ümumilikdə hesab edirəm ki, qərar kifayət qədər peşəkar şəkildə hazırlanıb. Çünki burada sadəcə bütün maliyyələşmə növlərinin bir ad altında birləşdirilməsindən söhbət getmir. Müasir dövrün tələblərinə, beynəlxalq trendlərə və çağırışlara uyğun olaraq maliyyələşmə mexanizmlərinin spesifik xüsusiyyətləri nəzərə alınıb. Burada həm böyük və kiçik qrantlardan, həm müsabiqədənkənar qrantlardan, həm də dövlət sifarişləri və subsidiyalardan söhbət gedir. Bunların hər birinin özünəməxsus xüsusiyyətləri var və qaydalarda bu məqamlar ayrıca nəzərə alınıb.

 

Yəni bütün maliyyələşmə növləri bir başlıq altında birləşdirilməyib. Bu da onu göstərir ki, dövlətin QHT-lərlə bağlı baxışı daha genişdir. Dövlət hesab etmir ki, QHT-lərin maliyyələşməsi yalnız qrantlarla məhdudlaşmalıdır. Bu çox vacib məqamdır. Çünki beynəlxalq təcrübədə və xarici ölkələrin təcrübəsində müxtəlif maliyyələşmə metodları mövcuddur. Bu metodlar nə qədər çox olarsa, QHT-lər üçün də bir o qədər yeni imkanlar yaranar. Qaydaları diqqətlə nəzərdən keçirdikdə diqqət çəkən məqamlardan biri də QHT-lərin fəaliyyətinin mediada işıqlandırılması məsələsidir. Belə ki, müsabiqələrdə iştirak edən təşkilatların mediada görünürlüğünün olması ilə bağlı tələblər müəyyənləşdirilir.

 

Bu isə həm dövlət qurumlarına, həm də QHT-lərə ictimai etimadın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, qarşıda yeni mərhələlər var. Qaydalar artıq qəbul olunub. Bundan sonrakı mərhələdə QHT-lərlə bağlı yeni konsepsiyanın qəbul olunması gözlənilir. Eyni zamanda ictimai iştirakçılıqla bağlı yeni qaydaların müəyyənləşdirilməsi də gündəmdədir. Bütün bunlar ictimai müzakirələrlə müşayiət olunmalıdır. QHT-lərin də bu proseslərdə aktiv iştirakı vacibdir. Gözlənilən yeni qərarların hazırlanması mərhələsində vətəndaş cəmiyyəti fəal şəkildə iştirak etməli və öz töhfəsini verməlidir”.

Ayhan

https://crossmedia.az/az/article/89702