Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin 2026-cı il üzrə qrant müsabiqələrinin qalibləri açıqlanıb. Bu nəticələr vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət və qayğının növbəti təzahürü olmaqla yanaşı, sosial əhəmiyyətli təşəbbüslərin reallaşması üçün yeni imkanlar yaradır. 

Mövzu ilə bağlı “Üçüncü bahar” Yaşlılara Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri Nərmin Qəniyeva QHT.az-a açıqlama verib.

Nərmin Qəniyeva bildirib ki, layihələrinin adı "Aila Talks" qoyulub və əsas məqsədi ənənəvi ailə dəyərlərinin qorunması və daha da gücləndirilməsidir. Onun sözlərinə görə, bu dəyərlərin gənc nəslə müasir və cəlbedici formatda çatdırılması prioritet istiqamətlərdən biridir.

“Əsas məqsəd ənənəvi ailə dəyərlərini qorumaq və gücləndirmək, bu dəyərlərin gənc nəsillərə müasir və cəlbedici formada aşılanmasını təmin etməkdir”.

N.Qəniyevanın sözlərinə görə, layihə çərçivəsində podkast formatında dörd buraxılışın hazırlanması nəzərdə tutulur. Mövzular sosioloji tədqiqatların nəticələrinə əsasən seçilir və ölkədə aktual olan ailə-məişət, nəsillərarası münasibətlər və sosial məsələlər ön plana çıxarılır.

Sədr vurğulayıb ki, podkastlarda müxtəlif yaş qruplarını təmsil edən şəxslər iştirak edəcəklər. Belə ki, çəkilişlərdə gənc nəsil, yaşlı nəsil nümayəndələri və peşəkar psixoloq yer alacaq. Bu yanaşmanın məqsədi mövzuların daha geniş və balanslı şəkildə müzakirəsini təmin etməkdir.

Nərmin Qəniyeva qeyd edib ki, layihənin başlıca hədəflərindən biri ailə institutuna ictimai hörmətin, bağlılığın və məsuliyyət hissinin artırılmasıdır.

“Layihə bitsə belə, podkastlar internet şəbəkəsində qalacaq və insanlar istənilən vaxt onlardan faydalana biləcəklər”.

Sədrin fikrincə, məhz podkast formatının seçilməsi layihənin davamlı təsir imkanlarını artırır. O bildirib ki, internet platformalarında yayımlanacaq materiallar uzunmüddətli maarifləndirici resurs kimi cəmiyyət üçün əlçatan olacaq.

Fatimə Nəbiyeva