Azərbaycan Respublikası Prezidentinin minatəmizləmə zamanı həlak olan və ya aldığı xəsarətlərdən sonradan həyatını itirən minatəmizləyənlərin ailə üzvləri üçün aylıq 700 manat məbləğində təqaüd təsis etməsi yüksək humanizm və sosial ədalət nümunəsi kimi qiymətləndirilir, çünki bu qərar həm onların fədakarlığına verilən dövlət dəyərini göstərir, həm də ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Minatəmizləmə Agentliyi  yanında İctimai Şuranın sədri Umud Mirzəyev QHT.az-a olan açıqlamasında minatəmizləyənlərin fəaliyyəti və onların sosial müdafiəsi ilə bağlı mühüm məqamlara toxunub. O bildirib ki, minatəmizləyənlər son dərəcə çətin, məsuliyyətli və şərəfli missiyanı yerinə yetirən, görünməz düşmənlə mübarizə aparan qəhrəman insanlardır.

U.Mirzəyevin sözlərinə görə, Azərbaycanda mina təhlükəsi hazırda ən ciddi humanitar problemlərdən biri olaraq qalmaqdadır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bu problemin daha da aktuallaşdığı qeyd olunub. O vurğulayıb ki, ərazilərin yüksək səviyyədə minalarla çirklənməsi səbəbindən ölkədə hələ də tez-tez mina hadisələri baş verir.

Umud Mirzəyev bildirib ki, minatəmizləmə işi təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda humanitar baxımdan da böyük əhəmiyyət daşıyır. Onun fikrincə, bu sahədə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.

Müsahibimiz vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən minatəmizləmə və bu sahədə çalışan insanların sosial müdafiəsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşılır. Xüsusilə minatəmizləmə fəaliyyəti zamanı həyatını itirmiş əməkdaşların ailə üzvlərinə Prezident təqaüdünün təsis olunması yüksək qiymətləndirilib.

Umud Mirzəyev deyib: “Minatəmizləyənlər çox çətin, məsuliyyətli və şərəfli missiyanı yerinə yetirən, gözə görünməz düşmənlə mübarizə aparan qəhrəman insanlardır.”

O, həmçinin əlavə edib: “Həyatını itirmiş minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təsis olunması onların fədakar əməyinə verilən yüksək dəyərin və ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.”

U.Mirzəyevin sözlərinə görə, bu qərar mina qurbanına çevrilmiş minatəmizləyənlərin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, onların ailələrinin sosial rifahının təmin olunmasına xidmət edən mühüm addımdır. BAMF prezidenti bu təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib.

Fatimə Nəbiyeva