Rusiyanın Ukraynaya hücumları 11 ay geridə qaldığı halda, Kiyev administrasiyasından Yaponiyaya diqqətçəkən bir dəvət gəldi.
QHT.az xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno keçirdiyi mətbuat konfransında Ukrayna administrasiyasının Yaponiyanın baş naziri Fumio Kişidanı ölkəyə dəvət etdiyini açıqlayıb.
Matsuno bildirib ki, Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak səfirlik vasitəsilə dəvət göndərib. G7 ölkələrinə işarə edən Matsuno, “Yaponiya Ukrayna xalqının tərəfindədir və bu il G7-nin prezidenti kimi müvafiq addımlar atır” dedi.
Maraqlıdır ki, Ukraynanın dəvəti Kişidanın gələn həftə G7 ölkələri, Fransa, İtaliya, İngiltərə, Kanada və ABŞ-a səfərindən bir qədər əvvəl gəlib.
Yaponiya Ukraynaya hücumlarına görə Qərb dünyası, xüsusilə də G7 ölkələri ilə birgə hərəkət edərək Rusiyaya qarşı bəzi sanksiyalar tətbiq etdi. Bundan başqa, Kiyevə humanitar yardım göndərən Tokio administrasiyası Moskva ilə münasibətlərində gərgin dövrə qədəm qoyub.












