Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Şahzadə Harri, yanvarın 10-da nəşr olunacaq xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini və bundan utanmadığını bildirib.
QHT.az xəbər verir ki, yanvarın 10-da oxuyucu qarşısına çıxacaq "Ehtiyat" adlı xatirə kitabında şahzadə Harri 2007-2008 və 2012-2013-cü illərdə xidmət etdiyi Əfqanıstanla bağlı təəccüblü açıqlamalar verib. Şahzadə Harri Əfqanıstanda keçirdiyi dövrlə bağlı kitabına daxil etdiyi xatirələrində münaqişə boyu öldürdüyü 25 üsyançını “yaxşıları qorumaq üçün öldürülən pislər” kimi gördüyünü qeyd edib. Həmçinin, kimisə insan kimi görsəniz öldürməyin mümkün olmadığını qeyd edən Şahzadə Harri, ordunun onları insan kimi görməməyə öyrətdiyini söyləmişdir.
Şahzadə Harri öz kitabında yazıb: “Mən bütöv bədənlə evə getmək istəyirdim, amma bundan da çox vicdanım təmiz şəkildə evə qayıtmaq istəyirdim”.
Əsgərlərin müharibədə nə qədər düşmən öldürdüklərini bilmədiklərini və fərq qoymadan atəş açdıqlarını ifadə edən Şahzadə Harri, kompüterlərin bu dövründə bir şəxsin neçə düşmən döyüşçüsü öldürdüyünü qəti şəkildə anlaya biləcəyini ifadə etdi. Şahzadə Harri kitabında "Bu rəqəmdən qorxmamaq mənə çox vacib görünürdü. Deməli mənim nömrəm 25-dir. Bu, məni qane edən rəqəm deyil, amma məni utandırmır" ifadələrdən istifadə etmişdir.












