“Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyində Xocalı faciəsinin 34-cü ildönümü qeyd olunub.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan təşkilatın sədri Almaz Zeynalova bildirib ki, 34 il əvvəl – 1992-ci il fevralın 26-da Qarabağın Xocalı şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir. O qeyd edib ki, bu faciə nəticəsində minlərlə günahsız soydaşımız – qocalar, qadınlar və körpə uşaqlar – yalnız azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilib.

Almaz Zeynalova vurğulayıb ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşüb.

Tədbirdə çıxış edən ziyalılar – Kifayət Niftəliyeva, Nurəddin Salayev, Aygün Hüseyn, Məhərrəm Məhərrəmov, Nüsrət Paşayev, Əli Qarayev və başqaları bildiriblər ki, 1992-ci ildə baş vermiş Xocalı kimi milli faciəmizdən 34 il keçməsinə baxmayaraq, bu hadisə bu gün də aktuallığını qoruyur və demək olar ki, hər zaman gündəmdə qalır.