26 fevral – Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib. Azərbaycanda yaşayan Hind icmasının təşəbbüsü və Hind Klinikasının rəhbərliyi ilə təşkil olunan tədbirdə Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edilib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli bildirib. Onun sözlərinə görə, tədbirdə çıxış edənlər bildiriblər ki, 26 fevral təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi kimi qiymətləndirilməlidir. Qeyd olunub ki, Xocalı soyqırımı tarixə qanlı səhifə kimi düşüb və bu hadisə heç zaman unudulmamalıdır.
"Anım mərasimində soyqırımı zamanı həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərə dualar oxunub. Təşkilatçılar Allahdan bütün şəhidlərə rəhmət dilədiklərini bildiriblər. Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir və gələcək nəsillərə bu həqiqətlərin çatdırılması vacibdir".
Pərvanə Fərhadqızı






