İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli ABŞ–Azərbaycan münasibətlərində müşahidə olunan son dinamika və erməni lobbisinin aktivliyi ilə bağlı fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, Vüsalə Hüseynli bildirib ki, son dövrlər Azərbaycan–ABŞ münasibətləri daha isti tonlarla inkişaf edir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələləri fonunda praqmatik əməkdaşlıqda ciddi irəliləyişlər müşahidə olunur. Bu inkişafın nəticəsi kimi Azərbaycan–Ermənistan arasında sülh sənədinin paraflanması da diqqət çəkir.
QHT sədri qeyd edib ki, ABŞ-da lobbiçilik institutlaşmış mexanizmdir və müxtəlif etnik-siyasi qruplar Konqres üzvlərinə bu yolla təsir göstərməyə çalışırlar. Bu baxımdan, erməni diaspor təşkilatlarının və onlara yaxın bəzi siyasətçilərin zaman-zaman Azərbaycana qarşı tənqidi mövqe sərgiləməsi təəccüblü deyil. Lakin o vurğulayıb ki, rəsmi Vaşinqtonun siyasəti yalnız lobbi təsiri ilə formalaşmır.
Vüsalə Hüseynlinin sözlərinə görə, ABŞ-ın Dövlət Departamenti, Pentaqon və enerji təhlükəsizliyi institutları üçün Cənubi Qafqazın geosiyasi əhəmiyyəti daha geniş strateji çərçivədə qiymətləndirilir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və Orta Dəhliz kontekstində artan əhəmiyyəti Vaşinqton üçün praktik maraq doğurur. Eyni zamanda, post-münaqişə dövründə regionda sabitliyin təmin olunması ABŞ üçün prioritet məsələlərdəndir.
QHT sədri əlavə edib ki, informasiya kampaniyaları və ayrı-ayrı siyasi bəyanatlar müəyyən müddət ictimai rəyə və Konqres müzakirələrinə təsir göstərə bilər. Lakin bu cür təsirlərin strateji əməkdaşlığı tam dayandıracaq səviyyəyə çatması ehtimalı olduqca aşağıdır.
Pərvanə Fərhadqızı






