"35 illik müstəqillik dövrümüzdə ABŞ–Azərbaycan münasibətləri mürəkkəb, təzadlı və çətin mərhələlərdən keçib. Lakin bütün bunlara baxmayaraq, hazırda münasibətlərdə maraqlı və yüksəliş dövrü müşahidə olunur. Bu yüksəliş Azərbaycanın gələcəyinə, müstəqilliyinin möhkəmlənməsinə, dövlətçiliyinin güclənməsinə, regionda və dünyada nüfuzunun artmasına xidmət edir. Zəngəzur dəhlizinin işə düşməsi, beynəlxalq logistikanın aktivləşməsi və Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrilməsi həm iqtisadi, həm də sosial baxımdan ölkəmizə böyük faydalar gətirə bilər".
Bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu proseslər kompleks şəkildə qiymətləndirildikdə aydın olur ki, regionda sülhü, sabitliyi və inkişafı istəməyən qüvvələr bundan ciddi şəkildə narahatdır. Onlar müxtəlif vasitələrlə ya Azərbaycana, ya da Ermənistan üzərindən regiona təsir göstərməyə çalışırlar. Məqsəd regionda sabitliyə zərbə vurmaq, Qərbin maraqlarına təsir etmək və ABŞ–Azərbaycan münasibətlərinin inkişaf mərhələsinə kölgə salmaqdır:
"Xüsusilə Ermənistanda keçiriləcək seçkilər bəzi qüvvələr üçün təxribat və təsir imkanları baxımından münbit şərait yaradır. Bu çərçivədə hazırkı hakimiyyətin, o cümlədən baş nazir Nikol Paşinyanın uzaqlaşdırılması və müəyyən maraqlara uyğun qüvvələrin hakimiyyətə gətirilməsi cəhdləri təhlükəli tendensiya kimi qiymətləndirilir. Azərbaycan isə 35 il ərzində bu kimi mürəkkəb və təhlükəli proseslərdən keçərək dövlətçiliyini qoruyub saxlayıb. Buna görə də ölkəmiz siyasi, hərbi və iqtisadi baxımdan istənilən təxribat və sürprizlərə hazır olmalıdır. Eyni zamanda, Azərbaycan öz üzərinə düşən missiyanı yerinə yetirərək müstəqilliyini və ərazi bütövlüyünü qorumağa davam etməli, regionda – o cümlədən Gürcüstan və Ermənistanla əməkdaşlıq çərçivəsində – sabitlik və inkişafın təmin olunmasına töhfə verməlidir".
Pərvanə Fərhadqızı






