“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə aparıcı vətəndaş cəmiyyətinin nümayəndələri üçün keçirilən “İqlim Dəyişmələri və COP” mövzusunda təlimdə vacib mövzulara toxunuldu. Bunlardan texnogen iqlim dəyişikliyi, iqlim dəyişikliyi üzrə hökumətlərarası panel, milli uyğunlaşma platforması və sair mövzularda təlimlər keçirildi”.
QHT.az xəbər verir ki, bu sözləri Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. O, qeyd edib ki, qeyd olunan mövzular üzərində gün ərzində iştirakçılar və təlimçilər arasında fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinə sertifikatlar verilib.

Bu təlimdə iştirak edən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, şəxsən bu təlimdə sırf ətraf mühit, iqlim dəyişikliyi məsələləri ilə bağlı həm terminologiya, həm də qlobal mexanizmlər barədə biliklər eldə etdim.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi COP 29 kimi əhəmiyyətli prosesdə vətəndaş cəmiyyətinin iştirakının təmini üçün önəmli işlər görür.
Qeyd edək ki, Azərbaycanın vətəndaş cəmiyyəti liderləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “İqlim Dəyişmələri və COP” mövzusundakı təlimdə iştirak edərək, iqlim dəyişikliyi mövzusunda vacib mövzuları müzakirə etdilər. Tədbirin məqsədi, COP 29-a hazırlıq çərçivəsində QHT-lərin bilik və bacarıqlarını, iqlim dəyişikliyi ilə bağlı qlobal və yerli səviyyədə məlumatlılığı artırmaq idi.
Pərvanə Fərhadqızı










