Bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib.
Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Qurultayda köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb.
Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib. 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.
İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib. O, 25 ilə yaxındır ki, QHT sahəsində iş təcrübəsinə malikdir, peşəkar hüquqşünasdır, ABŞ, Britaniya, Almaniyanın nüfuzlu universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib. Ramil İskəndərli xarici ölkələrdə beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilir. 2023-cü ilin iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir.
Pərvanə Fərhadqızı










