2 sentyabr 2024-cü il tarixində yazıçı-publisist, AYB və AJB üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi növbəti "VƏTƏN FƏDAİLƏRİ: TOVUZ ŞƏHİDLƏRİ" kitabının möhtəşəm təqdimat mərasimi keçirildi.
"Qayıdış" İB sədri Hasil Tağıyev QHT.az-a bildirib ki, təqdim olunan kitab “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin IV hissəsidir. Onun sözlərinə görə, bundan öncə "VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ" I Hissə, "VƏTƏN FƏDAİLƏRİ: İMİŞLİ ŞƏHİDLƏRİ" II Hissə, "VƏTƏN FƏDAİLƏRİ: ŞƏKİ ŞƏHİDLƏRİ" III Hissə ərsəyə gətirilib: "Kitab, Məmmədov Şahin Əbdül oğlunun və Məmmədov Bəhruz Qasım oğlunun maliyyə dəstəyi ilə hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşəbbüsü ilə Tovuz rayonu Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirildi. Elvin Nüsrətoğlunun aparıcılığı ilə keçirilən mərasimdə şəhid ailələri, qazilər, hərbçilər, media nümayəndələri və digər qonaqlar iştirak etdilər. Təqdimat mərasimində ilk olaraq, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədovun göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi orkestrinin müşayiəti ilə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anıldı və Azərbaycan Dövlət himni səsləndirildi. Daha sonra layihənin rəhbəri Manya Səxavətqızı, layihənin dəstəkçisi və şəhid qardaşı Şahin Məmmədov, həmçinin kitabın maliyyə dəstəkçisi Bəhruz Məmmədov qonaqları salamlayaraq "VƏTƏN FƏDAİLƏRİ" layihəsi haqqında məlumat verdilər. 812 saylı hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölmə rəisi mayor Nicat Ağayev, şəhid ailələri və digər qonaqlar çıxış edərək “VƏTƏN FƏDAİLƏRİ: TOVUZ ŞƏHİDLƏRİ” kitabının mahiyyəti və bu cür layihələrin əhəmiyyətindən bəhs etdilər. Kitab şəhid ailələri və mərasimə gələn bütün qonaqlara təmənnasız olaraq hədiyyə edildi".
Qeyd edək ki, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin IV hissəsi olan "VƏTƏN FƏDAİLƏRİ: TOVUZ ŞƏHİDLƏRİ" kitabı Manya Səxavətqızının sayca 11-ci, şəhidlərimizə həsr etdiyi isə 9-cu kitabdır. Vətəni azadlığa qovuşduran şəhidlərimizin adlarını Manya Səxavətqızı kitablara həkk edərək əbədi yaşadır.










