Vərəm, hələ də dünya miqyasında ciddi bir səhiyyə problemi olaraq qalır. Bu xəstəliyin təkcə fiziki deyil, eyni zamanda psixoloji və sosial təsirləri də uzun müddət hiss edilir. Vərəm xəstələri, müalicə prosesində və sonrasında ciddi çətinliklərlə üzləşir, bu da əlillik dərəcələrinin düzgün qiymətləndirilməsini qaçılmaz edir.
QHT.az xəbər verir ki, 27.02.2025-ci il tarixində "Vərəmsiz gələcəyə doğru" İctimai Birliyi vərəm xəstəliyinin təsirinə məruz qalmış insanların əlillik qiymətləndirilməsi sahəsindəki mövcud boşluqları müzakirə etmək və bu sahədə təcrübələ mübadiləsi məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzinin Həkim Məsləhət Komissiyası, Bakı Baş Səhiyyə Mərkəzi və TƏBİB nümayəndələri ilə əhəmiyyətli bir görüş keçirmişdir. Görüşün əsas məqsədi, vərəm xəstəliyi ilə əlaqədar əlillik qiymətləndirməsinin metodologiyasını təkmilləşdirmək, mövcud boşluqları müəyyənləşdirmək və düzgün qiymətləndirmə sisteminin qurulmasına istiqamətlənmiş müzakirələr aparmaq olmuşdur.
Vərəm xəstəliyinin əlillik qiymətləndirilməsi sahəsində əsas problemlərdən biri, pasientlərin ilkin, eləcə də təkrar qiymətləndirmə zamanı qarşılaşdıqları imtina hallarıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tətbiq olunan DTSERA tərəfindən tez-tez əlilliyin qiymətləndiirilməsindən iminaya səbəb kimi – göndərişlərin natamam doldurulması kimi qərarların verilməsi və göndərişlərdəki bu natamamlığa hansı səbəblərin gətirib çıxarmasının müzakirəsi aparılmış və mütəxəsisilərin fikirləri dinlənilmişdir.Müzakirələr zamanı belə imtinalara səbəb olan halların çoxalması pasientlərin sosial təminat sistemindən tam faydalana bilməməsi və müalicə prosesinin daha da çətinləşməsi ilə nəticələnir.
Müzakirələr zamanı, xüsusilə TƏBİB-in tabe qurumlarının xəstəxanalarında vərəm xəstəliyinin əlillik qiymətləndirilməsi metodologiyasının dəqiq və şəffaf olması vurğulanaraq TƏBİB həkimlərinin və DTSERA mütəxəssislərin birgə çalışması, vərəm xəstələrinin əlillik dərəcələrinin dəqiq qiymətləndirilməsi və müalicə prosesinin səmərəliliyini daha da artıracağı qərarına gəlinmişdir.
Bu istiqamətdə daha çox mütəmadi və sistemli qiymətləndirmək, pasientlərin hüquqlarının qorunması və onlara qarşı daha şəffaf və ədalətli bir yanaşma təmin edilməsi üçün Vərəm haqqında AR nın qanununda təkminləşdirmələrin edilməsinə hər iki qurum tərəfindən təkliflərin veriləcəyi də qərara alındı. Vərəmsiz gələcəyə doğru hədəfimizə çatmaq üçün bu mühüm sahədəki həmkarlarımızla birgə səylərimizi artırmalı, müxtəlif səhiyyə və sosial xidmətlər arasında əlaqə və koordinasiyanı daha da möhkəmləndirməliyik. Bir QHT kimi bu da bizim töhfəmiz olar.
Yalnız birgə əməkdaşlıq, doğru məlumat mübadiləsi və qarşılıqlı dəstək ilə vərəm xəstəliyindən əziyyət çəkən insanların həyatını yaxşılaşdırmaq və onların daha sağlam gələcəyə doğru addımlamalarını təmin etmək mümkündür. Hər bir pasientin hüquqları və sağlamlığı bizim üçün önəmlidir və bu sahədəki problemlərin həlli, bütün cəmiyyətin rifahına xidmət edir.
Birlikdə vərəmsiz gələcəyə doğru!












