Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC ili” çərçivəsində yeni layihəyə imza atıb.

QHT.az xəbər verir ki, 24/7 Kitabxanası tərəfindən təqdim edilən “Yaşıl Kitabxana” layihəsinin məqsədi ekoloji cəhətdən təmiz və dayanıqlı kitabxanalar haqqında məlumatları ictimaiyyətə çatdırmaqdır. Layihə çərçivəsində dünyanın qabaqcıl “Yaşıl Kitabxana” statusuna malik kitabxanalarının missiyası, infrastrukturu, arxitekturası və dayanıqlılıq prinsipləri müzakirə olunacaq.

Layihənin ilk buraxılışı Çikaqo Universitetinin Co və Riki kitabxanasına həsr edilib. Hər buraxılışda dünya kitabxanalarının ekoloji, iqtisadi və sosial dayanıqlığına dair məlumatlar təqdim olunacaq, oxuculara kitabxanaların sertifikasiyası və brendləşməsi ilə bağlı maraqlı məlumatlar veriləcək.

Bu layihə UNEC-in davamlı inkişaf və ekoloji maarifləndirmə istiqamətində atdığı önəmli addımlardan biridir.