Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, 4-cü Sənaye İnqilabının cəmiyyətdə və dünyada gətirdiyi və gətirəcəyi dəyişikliklər barədə danışıb. O, sənaye inqilablarının cəmiyyətin inkişafının məntiqi nəticəsi olduğunu, texnologiyaların insan potensialını artırdığını və süni intellektin zəruriliyini vurğulayıb. Muradov, əvvəlki sənaye inqilablarını xatırladaraq, 4-cü Sənaye İnqilabının süni intellekt, gen modifikasiyası və bulud texnologiyalarının tətbiqi ilə fərqləndiyini qeyd edib.

QHT.az xəbər verir ki, işsizlik məsələsinə toxunan rektor, kütləvi işsizliyin olmayacağını, məşğulluq fəlsəfəsinin dəyişəcəyini bildirib. O, insanların texnologiyalara uyğunlaşmaq və davamlı öz üzərlərində işləmək bacarıqlarına malik olmalarının vacibliyini qeyd edib.

Muradov, təhsildə "ağıllı təhsil" konsepsiyasına keçidin zəruriliyini vurğulayıb. O, təhsilin çevik, inklüziv və ömürboyu olması, fərdiləşmiş təhsil konsepsiyasının önə çəkilməsi lazım olduğunu bildirib. Rəqəmsal təhsilin vacibliyini qeyd edən rektor, UNEC-in bu istiqamətdə ciddi addımlar atdığını və rəqəmsallaşmanın təhsilin inkişafı üçün mühüm olduğunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı