"Azərbaycanın hər bir uğuruna dağıdıcı müxalifət yarasa gözüylə baxır. Uğurlarımız, qələbələrimiz müxalif düşərgəni yasa batırıb. Zaman-zaman bu hal müxalifət düşərgəsində açıq-aşkar görünür, öz hərəkətləri ilə bunu büruzə verirlər". Bunu SİA-ya Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev son günlər dağıdıcı müxalifət təmsilçilərinin sosial şəbəkələrdə təhqir dolu status və montaj olunan görüntüləri paylaşmalarına münasibətində deyib.

 

C. Şahverdiyev qeyd edib ki, dağıdıcı müxalifət 1993-cü ildən Azərbaycanda demokratik, hüquq çərçivəsində fəaliyyət göstərməyib, mübarizə aparmayıb: "Bu vaxtadək onların əli Qərb dairələrinin cibindədir. Qərbin anti-Azərbaycan və ermənipərəst qüvvələrinin sifarişlərini yerinə yetirməkdədirlər. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlara sevinməyən radikallar ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdlərində olublar. Saxta profillər, səhifə və qruplar yaratmaqla dövlət əleyhinə çirkin formada kampaniya aparıblar. Nəticədə özləri biabır, ifşa olunurlar. Çünki xalqın düşüncələrində onların fikirlərinə yer yoxdur, vətəndaşlarımızı aldatmaq, düz yolundan döndərmək daha mümkün deyil".

 

QHT sədrinin fikrincə, 44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində şanlı qələbəsi erməniləri və onların havadarlarının necə məyus edibsə, radikal müxalifəti də yasda saxlayıb: "Müxalifət montaj etdiyi, quraşdırdığı videolar, təhqir dolu məlumatlar paylaşmaqla bu qələbəyə kölgə salmağa cəhd göstərir. Bununla da şəhidlərimizin ruhuna hörmətsizlik etmiş olur, torpaqlarımızın işğaldan azad olunmasını həzm etmir, 30 illik həsrətə son qoyulmasına sevinmir. ordumuzun qəhrəmanlığını, əsgərlərimizin şücaətini qəbul etmir".

 

C. Şahverdiyev onu da vurğulayıb ki, Prezident İlham Əliyev ötən 17 ildə uğurlu fəaliyyəti, beynəlxalq miqyasda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, müdrik siyasəti, diplomatik qələbələri ilə torpaqlarımızın hərb yolu ilə azad edilməsinin tarixini yetişdirdi: "Bu qələbənin kökündə xalq-hakimiyyət-ordu həmrəyliyi, birliyi durdu. Xalq Ali Baş Komandanına, siyasətinə, verdiyi sözünə inandı. Nəticədə Prezident İlham Əliyev 44 gün ərzində yeni Azərbaycanın yeni tarixini yazdı. Bu da radikal müxalifəti sevindirmədi. Kədərini, acığını təhqirlərlə, quraşdırdığı görüntüləriylə gizlətməyə, çıxmağa üstünlük verdi. Azərbaycanın qələbəsinə kölgə salmaq cəhdi radikal müxalifətin satqınlığını, xəyanətini bir daha sübuta yetirdi".