Azərbaycanda turizm sektoru qeyri-neft sahəsinin əsas inkişaf istiqamətlərindən biri hesab olunsa da, son statistik göstəricilər müsbət dinamika nümayiş etdirmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə gələn turistlərin sayında 4,7 faiz azalma qeydə alınıb ki, bu da onsuz da aşağı olan göstəricilər fonunda əlavə narahatlıq yaradır. Müqayisə üçün qeyd olunur ki, regionda, xüsusilə Gürcüstanla müqayisədə Azərbaycana gələn turistlərin sayı hələ də bir neçə dəfə azdır.

İqtisadçı Xalid Kərimli QHT.az-a açıqlamasında bildirib ki, “Azərbaycan hələ turistlər tərəfindən tam turizm ölkəsi kimi qəbul olunmur. Halbuki qonşu Gürcüstan daha məhdud imkanlara baxmayaraq turistlər üçün daha cəlbedici şərait yarada bilib və bu sahədə bizi geridə qoyub”. Onun sözlərinə görə, turist axını ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır, çünki turistlər ölkəyə daxil olaraq müxtəlif xidmət sahələrində – iaşə, nəqliyyat, otel və digər sektorlarda xərclər edirlər ki, bu da xidmət ixracı deməkdir.

Turizmdə azalma təkcə ümumi sayda deyil, həm də coğrafi strukturda dəyişikliklərlə müşahidə olunur. Belə ki, MDB və Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunsa da, Mərkəzi Asiya və Yaxın Şərq regionlarından gələn turistlərin sayında ciddi azalma var.

Ekspert hesab edir ki, bu azalmaya təsir edən əsas amillərdən biri quru sərhədlərin bağlı qalmasıdır. Bundan əlavə, regionda baş verən münaqişələr və geosiyasi risklər də turistlərin qərarlarına təsir göstərir. Xüsusilə Azərbaycanın münaqişə zonalarına yaxın yerləşməsi bəzi turistlər üçün əlavə risk amili kimi qiymətləndirilir. Eyni zamanda, beynəlxalq tədbirlərin sayının azalması da ölkəyə gələn turist axınının zəifləməsinə səbəb olur.

Zəhra Ağayeva