Azərbaycan son illərdə iqlim dəyişikliklərinin təsirini daha aydın hiss edən ölkələr sırasındadır. Temperatur artımı, yağıntı rejiminin dəyişməsi, su ehtiyatlarının azalması və ekstremal hava hadisələrinin çoxalması həm ətraf mühitə, həm də iqtisadi və sosial həyata ciddi təsir göstərir.

 

QHT.az xəbər verir ki, ekoloq İradə Səmanın sözlərinə görə, “iqlim dəyişiklikləri artıq uzaq gələcəyin deyil, bu günün reallığıdır və bu proseslər gələcək inkişaf strategiyalarında mütləq nəzərə alınmalıdır”. O qeyd edib ki, son illərdə temperatur artımı quraqlıq dövrlərinin uzanmasına, torpaq rütubətinin azalmasına və suvarmaya tələbatın artmasına səbəb olur.

 

Ekoloqun fikrincə, Azərbaycanın su ehtiyatlarının böyük hissəsinin ölkə hüdudlarından kənarda formalaşması vəziyyəti daha da həssas edir. Temperatur dəyişiklikləri çaylarda su səviyyəsinin azalmasına, qar örtüyünün daha tez əriməsinə və su anbarlarında ehtiyatların azalmasına gətirib çıxarır.

 

İradə Səma:  “iqlim dəyişiklikləri su ehtiyatlarının azalmasına, içməli su təminatında risklərin artmasına və kənd təsərrüfatında su idarəçiliyinin daha səmərəli təşkilini zəruri edir”. Onun sözlərinə görə, bu proseslər kənd təsərrüfatında məhsuldarlığın azalmasına, torpaq eroziyasının güclənməsinə və yeni zərərvericilərin yayılmasına da səbəb ola bilər.

 

Ekoloq əlavə edib ki, son illərdə müşahidə olunan sel, dolu və torpaq sürüşmələri kimi ekstremal hadisələr yaşayış məntəqələrinə ziyan vurur, infrastruktur üçün risk yaradır və iqtisadi itkilərə səbəb olur. O, həmçinin vurğulayıb ki, iqlim dəyişiklikləri ekosistemlərə təsir edərək bəzi bitki və heyvan növlərinin yayılma arealını dəyişir, təbii tarazlığın qorunmasını daha da aktuallaşdırır.

 

Sonda İradə Səma  böyük şəhərlərdə, xüsusilə Bakıda iqlim dəyişiklikləri istilik adası effektinin güclənməsi, havanın keyfiyyətinin pisləşməsi və subasma hallarının artması kimi problemləri artırır və bu risklərə qarşı vaxtında uyğunlaşma tədbirləri görülməlidir,- deyə vurğulayıb.

Zəhra Ağayeva