Əlbəttə ki, birinci növbədə qız uşaqlarını oxutmaq lazımdır. Onların təhsili təkcə şəxsi inkişafları üçün deyil, həm də cəmiyyətin ümumi rifahı üçün son dərəcə vacibdir. Təhsil, qızlara öz hüquqlarını bilmək, müstəqil qərarlar vermək və gələcəkdə güclü vətəndaşlar olaraq cəmiyyətə töhfə vermək imkanı yaradır. Təhsilsiz qızlar, həm ailədə, həm də cəmiyyətdə asılı vəziyyətdə qalırlar və bu, onların həyatlarını məhdudlaşdırır.

Bu fikirləri QHT.az- açıalamasında “Göyərçin” – Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı bildirib:

"Biz qız uşaqlarına öz ayaqları üstündə durmağı aşılamalıyıq. Onlara güclü və özünə inamlı bir şəxsiyyət kimi yetişmək üçün zəruri olan bilik və bacarıqları vermək hər birimizin borcudur. Təhsil, yalnız bilik deyil, eyni zamanda insanın şəxsi inkişafına, düşünmə qabiliyyətinə və dünyagörüşünün formalaşmasına xidmət edir. Qızlar öz ayaqları üstündə durmağı öyrəndikdə, onlar ailələrini və cəmiyyətlərini daha da gücləndirirlər."

 

Erkən yaşda ailə həyatı qurmaq isə övladlarımızın xilası demək deyil, əksinə, onların gələcəkdəki imkanlarını məhdudlaşdırır. Təəssüf ki, rayonlarda bu kimi hallara daha çox rast gəlirik. Erkən nikahlar, qızların təhsil almalarına, peşə sahəsində inkişaf etmələrinə və şəxsi potensiallarını reallaşdırmalarına mane olur. Bu cür hallar, həmçinin onların fiziki və psixoloji sağlamlığına da mənfi təsir göstərir. 

Rayonlarımızda erkən nikahların qarşısını almaq, cəmiyyətin bütün təbəqələri üçün vacibdir. Bu, yalnız qızlarımızın gələcəyi üçün deyil, həm də cəmiyyətin uzunmüddətli inkişafı və rifahı üçün zəruridir. Ailələrimizə və cəmiyyətimizə, qızlarımızı erkən yaşda evləndirməkdən daha çox, onların təhsilinə, inkişafına və güclü bir gələcək qurmaq üçün dəstək vermək lazımdır. Təhsilli və güclü qızlar, sağlam və uğurlu ailələrin, eləcə də daha güclü bir cəmiyyətin təməlidir.