31 Mart tarixi xalqımızın yaddaşında dərin iz buraxan faciə günü kimi yaşayır. 1918-ci ilin qanlı hadisələri zamanı minlərlə soydaşımız amansızlıqla qətlə yetirilərək böyük bir soyqırımına məruz qaldı. Bu acı tarix xalqımızın unudulmaz yarası, milli yaddaşımızın kədərli səhifəsidir. Bu gün həmin faciə qurbanlarının xatirəsi dərin ehtiram və sonsuz hüznlə yad olunur.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov QHT.az-a olan açıqlamasında bildirib ki, Azərbaycan xalqı ötən əsrdə bir çox soyqırımlara və ağır faciələrə məruz qalıb. Onun sözlərinə görə, erməni daşnakları və bolşeviklər tərəfindən törədilən 1918-ci ilin 31 Mart hadisələri bu faciələrin ən böyüklərindən biridir.
V.Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı tarix boyu dəfələrlə deportasiya və soyqırımı siyasəti ilə üzləşib və bu hadisələrin böyük əksəriyyəti məhz ötən əsrdə baş verib. Sədr qeyd edib ki, həyata keçirilən bu cinayətlər məqsədyönlü şəkildə türk coğrafiyasında azərbaycanlıların soyunun kəsilməsinə yönəlib.
“1918-ci ilin 31 Mart soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış ən böyük faciələrdən biridir” – deyə Vüqar Əhmədov vurğulayıb.
Sədr vurğulayıb ki, bu gün Azərbaycan artıq güclü dövlətdir və ölkədə tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, həm 31 Mart soyqırımı, həm də Xocalı soyqırımı ilə bağlı həqiqətlər geniş şəkildə təbliğ olunur, ölkə ərazisində müxtəlif tarixi və memorial komplekslər istifadəyə verilir.
Vüqar Əhmədov bildirib ki, bu cür memorial məkanların yaradılması gənc nəslin öz tarixini unutmaması və milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. O əlavə edib ki, eyni zamanda bu addımlar tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırılmasına imkan yaradır.
“Qarabağa səfər edən xarici qonaqların memorial kompleksləri ziyarət etməsi tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından olduqca vacibdir” – deyə sədr qeyd edib.
V.Əhmədovun fikrincə, ötən əsrin əvvəlində 31 Mart, əsrin sonunda isə Xocalıda törədilən soyqırımları erməni millətçi və daşnaklarının türk millətinə münasibətini açıq şəkildə göstərib.
Sonda sədr vurğulayıb ki, dövlət və ictimaiyyət tərəfindən müxtəlif mədəni tədbirlər, anım mərasimləri və beynəlxalq platformalarda aparılan fəaliyyətlər bu tarixin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm rol oynayır.
Fatimə Nəbiyeva






