"Təbiətin şıltaqlığı da, anomaliyalar da, infrastrukturun hidrometroloji proqnozlara və ümumilikdə fors-major hallara hazırlıqsızlığı da müzakirələrə, fərqli mövqelərin və təhlillərin ortaya çıxmasına səbəb ola bilər. Bu, tamamilə normaldır. Ancaq hazırda bəşəriyyətin ikinci dünya müharibəsindən sonra ən dəhşətli şəkildə çalxalandığı, beynəlxalq nizamın yerlə bir edildiyi dövrdə yaranan təhdid və risklər daha dəhşətli perespektivlərin anonsu sayılmalıdır".

QHT.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib. Onun sözlərinə görə, yüz illər boyu formalaşan siyasi nəzəriyyələrin, ictimai davranış normalarının, etik prinsiplərin tapdanması, ictimaiyyət qarşısında müxtəlif şəxslərə və ya topluma dilin lüğət tərkibinin vulqar kateqoriyasına aid ifadələrlə xitab edilməsi svilizasiyanın deqradasiyaya uğradılması və insanlığın, bəşər cəmiyyətinin yenidən təhtəlşüurdakı vəhşi keçmişə qaytarılması istiqamətində tendensiyanın meydana çıxması təhlükəsindən xəbər verir:

"Dünyanın super gücü və ya güc mərkəzlərindən biri olan dövlətin rəhbərinin - Trampın digər dövlətin rəhbəri haqqında fikir söyləyərkən seçdiyi sözlər onun bütövlükdə dünya idarəçiliyinə, insana münasibətini ortaya qoyur: "Səudiyyə Ərəbistanının şahzadəsi indi "arxamdan öpməyə" məcburdur. O, bunun (İranla müharibənin) baş verəcəyini düşünməmişdi. O, arxamdan öpməli olacağını düşünməmişdi. O, həqiqətən düşünməmişdi. ... İndi o, mənimlə mehriban olmalıdır. Ona deyin ki, mənimlə mehriban olmaq onun xeyrinədir. O, belə olmalıdır".

QHT sədri düşünür ki, mövzunun politoloji, sosioloji və kultroloji aspektləri ciddi müzakirə olunmalı və analtik təhlillər hazırlanmalıdır.

 

 

Pərvanə Fərhadqızı