Şri-Lankada hökumətin hazırladığı yeni Qeyri-Hökumət Təşkilatları haqqında qanun layihəsi vətəndaş cəmiyyəti nümayəndələri arasında ciddi narahatlıq yaradıb. İyulun 27-də dərc olunan təhlildə bildirilir ki, qanun layihəsi yalnız ənənəvi QHT-ləri deyil, xarici maliyyə alan fondlar, assosiasiyalar, xeyriyyə təşkilatları və bəzi korporativ sosial məsuliyyət (CSR) proqramlarını da əhatə edir. 

QHT.az xarici mediaya istinadən bildirir ki, müəlliflərin və vətəndaş cəmiyyəti nümayəndələrinin fikrincə, layihədə nəzərdə tutulan üçillik lisenziyalaşdırma, fəaliyyətin hökumət siyasətinə uyğunlaşdırılması tələbi və geniş nəzarət səlahiyyətləri QHT-lərin müstəqilliyini məhdudlaşdıra bilər. Hökumət isə qanun layihəsinin Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tələblərinə uyğun olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirmək məqsədi daşıdığını bildirir. 

Vətəndaş cəmiyyəti təşkilatları qanun layihəsinin yenidən işlənməsini, demokratik azadlıqların və birləşmək hüququnun daha etibarlı şəkildə qorunmasını tələb edirlər.