İsrail hökumətinin beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) barədə hazırladığı daxili sənəd ictimaiyyətə sızıb. Sənəd hökumətin 2013-cü ildən etibarən İsrail–Fələstin münaqişəsi ilə bağlı mövqelərinə görə bir sıra beynəlxalq humanitar təşkilatlar haqqında məlumat topladığını göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, sənəd İsrail nazirliklərindən birinin internet saytında yerləşdirilən elektron cədvəldən əldə edilib. Siyahıda 150-dən çox beynəlxalq xeyriyyə və humanitar təşkilat barədə məlumat, o cümlədən rəhbərlərinin adları, ünvanları, əlaqə vasitələri və fəaliyyət istiqamətləri yer alıb. 

Sənəddə əsas diqqətin İsrailin siyasətini tənqid edən və ya BDS (Boykot, Sərmayələrin Geri Çəkilməsi və Sanksiyalar) hərəkatına dəstək verdiyi güman edilən təşkilatlara yönəldiyi bildirilir. Məlumatların hansı məqsədlə toplandığı barədə rəsmi açıqlama verilməsə də, məsələ beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndələri arasında geniş müzakirələrə səbəb olub. 

Müşahidəçilər hesab edirlər ki, hadisə beynəlxalq QHT-lərin fəaliyyətinə münasibət və vətəndaş cəmiyyətinin fəaliyyət mühiti ilə bağlı müzakirələri yenidən gündəmə gətirə bilər.