İspaniyanın Open Arms qeyri-hökumət təşkilatına məxsus “Astral” yelkənli gəmisi Kubanın paytaxtı Havanaya yeddi ton humanitar yardım çatdırıb. Yardım missiyası “Rumbo a Cuba” (“Kubaya doğru”) təşəbbüsü çərçivəsində həyata keçirilib. 

QHT.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, gəmi may ayında İspaniyanın Barselona limanından yola düşərək təxminən 6 200 dəniz mili məsafə qət edib. Humanitar yükə günəş panelləri, ehtiyat batareyalar və müxtəlif tibbi ləvazimatlar daxildir. Bu avadanlıqların Havana şəhərində yerləşən Juan Manuel Márquez Uşaq Xəstəxanasının enerji təminatının gücləndirilməsinə xidmət edəcəyi bildirilir. 

Layihə 4 mindən çox donorun maliyyə dəstəyi ilə reallaşdırılıb. Open Arms təşkilatı bildirib ki, təşəbbüsün əsas məqsədi xəstəxananın xüsusilə reanimasiya şöbəsinin enerji dayanıqlığını artırmaq və tibbi xidmətin fasiləsizliyinə töhfə verməkdir. 

Qeyd edək ki, Kuba son aylarda enerji çatışmazlığı və iqtisadi çətinliklərlə üzləşdiyindən beynəlxalq humanitar yardım missiyaları ölkə üçün mühüm əhəmiyyət daşıyır.