Bəzi insanlar haqqında danışanda sadəcə gördüyü işləri sadalamaq kifayət etmir. Çünki insanı yaddaşlarda yaşadan yalnız tutduğu vəzifələr, yazdığı kitablar və qazandığı mükafatlar deyil. Bəzən bir insanı yadda saxladan onun necə danışması, nədən danışması və ən əsası, sözünü deməkdən çəkinməməsidir. Qənirə Paşayeva da belə insanlardan idi.
Hər kəs bacarmır sözünü deməyi. Hər kəs cəmiyyət qarşısında dayanıb düşündüyünü açıq söyləyə bilmir. Qənirə Paşayeva isə bunu bacaranlardan idi. O, öz fikrini ifadə etməkdən, narahat olduğu məsələləri gündəmə gətirməkdən çəkinmirdi. Bəlkə də bu səbəbdən onu sevən və hörmət edən insanların sayı bu gün də çoxdur.
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Onun həyat yolu isə bir sahə ilə məhdudlaşmayıb. Jurnalistika, ictimai fəaliyyət, elm, ədəbiyyat və siyasət onun fəaliyyətində bir-birini tamamlayıb. 1998-ci ildən ANS televiziyasında çalışan Qənirə Paşayeva burada reportyor, müxbir, redaktor və rəhbər vəzifələrində fəaliyyət göstərib. Daha sonra Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. 2012–2015-ci illərdə “Odlar Yurdu” Universitetində Siyasi elmlər kafedrasına rəhbərlik edib.
Siyasətdə də özünəməxsus mövqeyi ilə seçilib. Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub, Mədəniyyət komitəsinin sədri kimi fəaliyyət göstərib. Müxtəlif parlamentlərarası əlaqələr üzrə işçi qruplarında təmsil olunub, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
Amma Qənirə Paşayevanı yalnız tutduğu vəzifələrlə xatırlamaq onun haqqında çox şeyi yarımçıq qoymaq olar. Çünki o, insanların yaddaşında ilk növbədə danışan, düşündüyünü söyləyən, insanlarla ünsiyyət quran və onların problemlərini dinləyən bir şəxs kimi qaldı. Jurnalistikadan gəlməsi də bəlkə bu xüsusiyyətində özünü göstərirdi. O, insanın problemini dinləməyi və onu gündəmə gətirməyi bacarırdı. Qənirə Paşayevanın yaradıcılıq fəaliyyəti də geniş idi. O, 20-dən artıq elmi və publisistik kitabın, çoxsaylı məqalələrin müəllifi olub, sənədli filmlərin hazırlanmasında iştirak edib. Şeirləri və digər yazıları da onun yaradıcılığının başqa tərəfini göstərirdi.
Onun haqqında danışanda ən çox xatırlanan xüsusiyyətlərdən biri isə cəsarəti idi. Sözünü demək cəsarəti..Fikrini gizlətməmək cəsarəti. İnsanların qarşısında dayanıb düşündüyünü söyləmək cəsarəti...
Bəlkə də insanın illər sonra xatırlanmasının səbəbi məhz budur. Çünki vəzifələr dəyişir, tarixlər geridə qalır, amma insanın cəmiyyətə verdiyi söz və yaratdığı iz qalır.
Qənirə Paşayeva 2023-cü il sentyabrın 28-də vəfat etdi. Onun ölümündən üç il sonra adı yenə xatırlanır, haqqında yazılır, çıxışları yada salınır. Çünki bəzi insanlar sadəcə bir dövrün içində yaşamırlar. Onlar özlərindən sonra bir iz qoyurlar. Qənirə Paşayevanın izi isə sözlərində, yazılarında, gördüyü işlərdə və onu sevən insanların yaddaşındadır.
Amma maraqlı gələn odur ki, hazırda Qənirə xanım kimi cəsarətli qadını hardan tapmaq olar?
Məncə, bunu "Bədii sual" olaraq qəbul edək. Çünki cavab yoxdur...
Fatimə Məmmədova












