“Azərbaycan və Türkiyə prezidentlərinin Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə regional “3+3” formatının yaradılması təşəbbüsünün həyata keçirilməsi Avrasiya iqtisadi inkişafının stimullaşdırılmasına kömək edəcək”.
QHT.az xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru, professor Elşad Məmmədov məlumat verib. Ekspert qeyd edib ki, dünyada hərbi-siyasi gərginliyin artdığı və kollektiv Qərb ölkələri planetin müxtəlif regionlarında öz təsirlərini hansısa yolla saxlamağa çalışsa da, Pekin özünün “Bir kəmər və yol” layihəsini təbliğ etməkdə davam edir: “Onun bu istiqamətdəki niyyətlərinin ağırlığının bariz göstəricisi Çinin paytaxtında 140-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən “Bir kəmər, bir yol” Forumu oldu. Bu layihə Avrasiyada, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə iqtisadi inteqrasiya proseslərinin inkişafını sürətləndirəcək. Çin öz iqtisadiyyatını tarazlaşdırmaq və daxili inflyasiyanı azaltmaq üçün kapital ixracına başlamağa məcburdur”.
Ekspert bildirib ki, “Kəmər və Yol”un inkişafı Avrasiya nəqliyyat-logistika layihələrinə zidd olmamalıdır: “Qərarlar və səslənən tezislər dünya iqtisadiyyatının transformasiyasının sürətləndiyini təsdiqləyir. Son il yarımda enerji təchizatı sahəsində bir çox onilliklərdə görünməmiş transformasiya baş verib. Bu ən mühüm makroiqtisadi göstəricilərə təsir göstərəcək. Azərbaycan və Türkiyə prezidentlərinin Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə regional “3+3” formatının yaradılması təşəbbüsünün həyata keçirilməsi Avrasiya iqtisadi inkişafının stimullaşdırılmasına kömək edəcək”.
Pərvanə Fərhadqızı












