Məişət zorakılığına məruz qalmış, sosial cəhətdən həssas vəziyyətdə olan qadın və uşaqlar üçün fəaliyyət göstərən sığınacaqda bayram münasibətilə xüsusi xeyriyyə aksiyası təşkil olunub. Aksiya çərçivəsində “Mərcan” məhsullarının istehsalçısı olan Azerbaijan Poultry Company və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə sığınacaqda yaşayan qadın və uşaqlara müxtəlif bayram hədiyyələri təqdim edilib. Hədiyyələr ərzaq məhsulları, şirniyyatlar və uşaqlar üçün müxtəlif sevindirici sovqatlardan ibarət olub.
QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi sığınacaq sakinlərinə bayram ovqatı bəxş etmək, onların cəmiyyət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını hiss etdirmək, eyni zamanda sosial həmrəyliyin və korporativ sosial məsuliyyətin təşviqinə töhfə vermək olub.
Qeyd edək ki, Gəncə şəhərində «Təmas»RİİB – nin nədində fəaliyyət göstərən sığınacaqda məişət zorakılığı, insan alveri və digər sosial risklərlə üzləşmiş qadın və uşaqlara təhlükəsiz yaşayış yeri və sosial xidmətlər göstərilir. Burada onların cəmiyyətə reinteqrasiyası, sosial rifahının yaxşılaşdırılması və gələcək həyatlarının daha təhlükəsiz qurulması istiqamətində mütəmadi işlər həyata keçirilir.
Sığınacağın direktoru Südabə Məmmədova göstərilən diqqət və dəstəyə görə Azerbaijan Poultry Company və Azərbaycan Beynəlxalq Bankına təşəkkürünü bildirib, özəl sektorun sosial həssas qruplara yönəlmiş təşəbbüslərinin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edək ki, hazırda regionda yeganə olan qadın-uşaq sığınacağı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində fəaliyyətini davam etdirir.






