Azərbaycan və Özbəkistan arasında son illərdə inkişaf edən münasibətlər çox tərəfli qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq üçün də əlverişli imkanlar yaradıb. İki ölkəni birləşdirən bir sıra sahələr, xüsusilə, tarixi və mədəni yaxınlıq, ortaq türk dəyərləri və xalqlar arasında mövcud olan münasibətlər QHT-lər arasında əlaqələrin qurulmasını asanlaşdıran əsas amillərdəndir.
Lakin bu əlaqələrin asanlaşmasına rəğmən bu gün Özbəkistan Azərbaycan arasında münasibətlər, ticarət dövriyyəsiŞ siyasi dayanıqlılıq yüksək səviyyədə olsada, hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında münasibətlər yeni yeni formalaşmağa başlayır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi də bu istiqamətdə əlavə imkanlar yaradır.
Azərbaycan və Özbəkistan QHT-ləri arasında əlaqələrin inkişafında son illərdə keçirilən qarşılıqlı tədbirlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, 27 noyabr 2023-cü ildə Füzulidə keçirilən Azərbaycan–Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu iki ölkənin vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsi və birbaşa əlaqələrin qurulması baxımından mühüm addımlardan biri olub. Bu tədbirin davamı olaraq 5 dekabr 2024-cü ildə Daşkənddə Özbəkistan–Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Forum çərçivəsində iki ölkənin QHT nümayəndələri arasında fikir və təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub və yeni tərəfdaşlıqlar üçün imkanlar yaradılıb.
Əməkdaşlığın regional müstəvidə inkişafında TDT çərçivəsində keçirilən QHT forumları da mühüm rol oynayır. 24–25 noyabr 2025-ci ildə Bakı və Naxçıvanda keçirilən TDT üzv ölkələrinin QHT-lərinin I Həmrəylik Forumu çərçivəsində TDT üzv ölkələrinin QHT-lərinin Platformasının təsis edilməsi vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin daha sistemli xarakter alması baxımından mühüm hadisə olub. Bunun ardınca 16 may 2026-cı ildə Bakıda TDT üzv ölkələrinin QHT-lərinin II Həmrəylik Forumu keçirilib. Bu proses Azərbaycan və Özbəkistan QHT-lərinin yalnız ikitərəfli deyil, daha geniş türk dünyası çərçivəsində də əməkdaşlıq imkanlarını artırır.
Bu tədbirlərlə yanaşı, QHT Agentliyinin və Azərbaycan QHT-lərinin Özbəkistana birgə səfəri də əlaqələrin praktiki müstəvidə inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım olub. Xüsusilə 2024-cü ildə Daşkənddə keçirilən forum çərçivəsində Özbəkistanın QHT və qeyri-kommersiya təşkilatları ilə keçirilən görüşlər qarşılıqlı təcrübə mübadiləsinə və yeni əlaqələrin qurulmasına imkan verib. Belə qarşılıqlı səfərlərin əhəmiyyəti ondadır ki, onlar forum və konfranslarda yaranan əlaqələrin birbaşa təşkilatlararası əməkdaşlığa çevrilməsinə şərait yaradır.
İki ölkənin QHT-ləri üçün əməkdaşlıq edilə biləcək sahələr kifayət qədər genişdir. Gənclər siyasəti, könüllülük, qadınların ictimai fəallığı, təhsil, sosial inkişaf, ekologiya və rəqəmsallaşma kimi istiqamətlərdə qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün real imkanlar mövcuddur. Hər iki ölkənin QHT-lərinin bu sahələrdə topladığı təcrübənin paylaşılması təşkilatların imkanlarının genişlənməsinə və əlaqələrin daha da möhkəmlənməsinə kömək edə bilər.
Bununla belə, mövcud potensialın tam şəkildə reallaşdığını demək çətindir. Əsas məsələlərdən biri QHT-lər arasında əlaqələrin hələ də kifayət qədər sistemli və davamlı xarakter daşımamasıdır. Görüşlər, forumlar və qarşılıqlı səfərlər mühüm başlanğıc yaratsa da, bu əlaqələrin daha çox konkret və uzunmüddətli layihələrə çevrilməsinə ehtiyac var. Eyni zamanda, hər iki ölkədə fəaliyyət göstərən QHT-lərin bir-birinin imkanları, fəaliyyət istiqamətləri və layihələri barədə məlumatlılığının artırılması da vacibdir.
Maliyyələşmə də əməkdaşlığın inkişafına təsir edən əsas məsələlərdəndir. Birgə layihələrin həyata keçirilməsi üçün ortaq qrant imkanlarının genişləndirilməsi və beynəlxalq donor proqramlarına birlikdə müraciətlərin təşviq olunması əməkdaşlığın daha praktik xarakter almasına kömək edə bilər. Xüsusilə kiçikmiqyaslı, lakin konkret nəticə verən layihələrin dəstəklənməsi gələcəkdə daha geniş təşəbbüslər üçün baza yarada bilər.
Bu baxımdan, növbəti mərhələdə əsas diqqətin yeni platformaların yaradılmasından daha çox, artıq formalaşmış imkanların səmərəli istifadəsinə yönəldilməsi məqsədəuyğundur. TDT çərçivəsində yaradılmış QHT Platforması, keçirilmiş I və II Həmrəylik Forumları, eləcə də Azərbaycan və Özbəkistan arasında keçirilən ikitərəfli QHT forumları və qarşılıqlı səfərlər artıq müəyyən əməkdaşlıq bazasının formalaşdığını göstərir. İndi əsas məsələ bu bazanın davamlı və nəticəyönümlü layihələrlə möhkəmləndirilməsidir.
Bu məqsədlə gənclər, könüllülük, təhsil, sosial inkişaf və ekologiya kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfər və təcrübə mübadilələrinin davam etdirilməsi, eləcə də QHT-lərin beynəlxalq layihələrə birgə çıxış imkanlarının artırılması faydalı ola bilər. Bununla yanaşı, iki ölkənin QHT-lərinin fəaliyyət istiqamətləri barədə qarşılıqlı məlumat mübadiləsinin sistemləşdirilməsi uyğun tərəfdaşların daha asan tapılmasına və yeni əməkdaşlıqların yaranmasına şərait yarada bilər.
Ümumilikdə, Azərbaycan–Özbəkistan QHT əlaqələrinin inkişafı üçün əsas baza artıq mövcuddur. Tarixi-mədəni yaxınlıq, dövlətlərarası münasibətlərin yüksək səviyyəsi, 2023 və 2024-cü illərdə keçirilmiş ikitərəfli QHT forumları, 2025 və 2026-cı illərdə TDT çərçivəsində keçirilən I və II Həmrəylik Forumları, həmçinin QHT Agentliyinin və Azərbaycan QHT-lərinin Özbəkistana birgə səfəri bu əlaqələrin inkişafı üçün real zəmin formalaşdırıb. Növbəti mərhələdə əsas hədəf mövcud əlaqələri daha davamlı və nəticəyönümlü əməkdaşlığa çevirmək, birgə layihələrin sayını artırmaq və Azərbaycan–Özbəkistan QHT-ləri arasında birbaşa əlaqələri daha da gücləndirmək olmalıdır.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Macarıstan QHT-lərinin Əməkdaşlıq Forumu” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikirlər və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.






