“Hörmətli Əli Əsədov hər zaman hesabatların təqdim olunmasından sonra bütün deputatların suallarını səmiyyətlə cavablandırıb. Qaranlıq məsələlər qalmır. Əli müəllim işlədiyi dövrlərdə öz peşəkar komandası ilə Nazirlər Kabinetinin qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirib".

QHT.az xəbər verir ki, bu sözləri Deputat Etibar Əliyev Milli Məclisin 2024-cü il bugünkü iclasında Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi ilə bağlı çıxışında bildirib. Onun sözlərinə görə, artıq üç ilə yaxındır ictimai maliyyə islahatları çərçivəsində 3 pilot sektorda – təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərcləmələrinin səmərəliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb: "Bu istiqamətdə işlər ürəkaçan deyil və hesabatlılıq şəxsən məni qane etmir. Nazirlər Kabineti yenidən bu prosesi ciddi nəzarətə götürməlidir. Nazirlər kabinetinin 6 fevral 2024-cü il 73 nömrəli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunmuşdur. Bu universitetin sürətli inkişaf edən universitetlər sırasında yer almasında Nazirlər Kabineti nəzarət funksiyasını üzərinə götürməlidir".

Deputat həmçinin bildirib ki, bizim sənaye parklarımız yalnız məhsul istehsal etmək xatirinə yaradılmamalıdır: "Aşağı və orta texnoloji mürəkkəblikdə məhsulların istehsalı üzrə ümumiyyətlə ixtisaslaşmamalıdır. Hədəf yalnız orta yüksək və daha yüksək texnoloji, rəqabətqabiliyyətli sahələrdə ixtisalaşma olmalıdır. Bu həm də ölkədə təhsil sisteminin sürətlə və köklü şəkildə dəyişdirilməsini, universitetlərlə sənaye arasında əməkdaşlığın formalaşdırılmasını, elmin kommersiyalaşdırılmasını, elmə çəkilən xərclərin əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı bu xərclərin səmərəliliyini ölçən keyfiyyətli sistemin qurulmasını tələb edir. Qaçılmaz situasya yaranıb. 4-cü sənaye inqilabının arxasınsa gedən toplumları bu prosesin qalibləri texnoloji cəhətdən geridə qalmış periferiyalara çevricəklər. Düşünürəm ki, Nazirlər Kabineti gələcək hesabatlarında 4-cü Sənaye İnqilabına keçidin vəziyyətini və qarşıda duran vəzifələri əks etdirən məlumatları müfəssəl şəkildə bizə təqdim edəcək”.